Prezident İlham Əliyev martın 6-da Ağsu rayonuna səfər edib.
Fevralın 5-də və 6-da episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fərdi evlər qəzalı vəziyyətə düşüb, sosial təsisatlara və infrastruktur obyektlərinə ziyan dəyib. Dövlət başçısı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin büdcəsindən iki milyon manat ayrılması haqqında sərəncam imzalayıb, tikinti və təmir işlərinə başlanıb.
Martın 6-sı İlham Əliyev Ağsuda zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış olub. Prezident Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın ailəsi üçün tikilməkdə olan yeni evə baxıb, ev sahibinin oğlu Tahir Hökmrəvanla söhbət edib.
AZƏRTAC bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməyə, Şamaxıda 1800, Ağsuda 1022, İsmayıllıda 354 evin təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisi aparılır.
Sonra dövlət başçısı Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış olub. Dağılmış evin yerində tikilən yeni evin 3 otaqdan ibarət olacağı bildirilib.
Səfərin sonunda İlham Əliyev rayon sakinləri ilə görüşüb, onların ərizələrini qəbul edib. Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, dövlət başçısı sakinləri narahat edən məsələləri dinləyib.