Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası 2019-cu ilin ikinci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi qaydalarını yeniləyib.
İkinci rüb üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə martın 28-dək 19 istiqamət üzrə keçirilir. Yanvarın 31-də qəbul olunmuş qərara əsasən, maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər.
Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tələb tirajın minimum 3000 nüsxə, satış və abunənin isə minimum 1500 nüsxə olmasıdır.
Martın 5-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası məsələni yenidən müzakirə edib. Bildirilib ki, fevral ayının yekunları bir çox qəzetin tiraj və yayımla bağlı yeni şərtləri yerinə yetirmək imkanında olmadığını göstərib. Şərtlərə yeni əlavəyə əsasən, səhifələrinin sayı 24-dən (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan həftəlik, o cümlədən həftəlik nəşrə keçən gündəlik ictimai-siyasi qəzetlərə də müəyyən tələblər çərçivəsində maliyyə yardımı ayrılır. 2019-cu il aprelin 1-dən bu formatda çıxan qəzetlərin yalnız mətbəə xərcləri (kağız və çap xərcləri) ödənəcək.