Martın 1-i mədəniyyət və incəsənət xadimlərinin prezident İlham Əliyevlə görüşündə çıxış edən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə paytaxt Bakıda yeni rayon yaradılması təklifi verib: “Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir. Bu gün Bakının tarixi mərkəzi Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları arasında bölünüb. Nə qədər bunlara mərkəzdən rəhbərlik olunsa da, dörd rəhbərin, dörd komandanın hərəsinin bu işə baxışı müxtəlifdir. Mən təklif edirəm o sərhədlər müəyyənləşsin və Bakının tarixi mərkəzi əsasında xüsusi ərazi vahidi yaransın. Bunu etsək, orada tətbiq olunan qanunlar, normalar başqa yerlərdən fərqlənəcək. Yeni Yasamalla Bakının tarixi mərkəzində tələblər eyni ola bilməz”.
Dövlət başçısı təklifi dəstəkləyərək qeyd edib ki, şəhərin mərkəzinin hüdudları dəqiq müəyyən olunarsa, vahid idarəetmə sistemi də yaradıla bilər.
Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev bu məsələyə münasibət bildirərək yazır: “Strateji idarəetmə ilə bağlı yaxşı bir deyim var: hədəf nə qədər doğru müəyyən edilsə də, seçim yanlışdırsa, hədəfə çatılmayacaq. Avropa Şurası ekspertlərinin üzv ölkələrin timsalında apardıqları araşdırmalar, həmin araşdırmalar nəticəsində ortaya çıxardıqları sənədlər Elbay Qasımzadənin təklifindən fərqli üsullar irəli sürür. Doğrudur, Avropa Şurası ekspertləri də paytaxt şəhərində idarəetmənin vahidliyinin təmin edilməsini önə çəkir – amma paytaxtı parçalayıb mərkəz və periferiya kimi hissələr formalaşdırmaqla deyil. Onların yanaşmasına görə, paytaxt şəhərləri özündə çoxsaylı inzibati ərazi vahidlərini birləşdirir, həmin vahidlər bir-birinə sıx infrastruktur telləri ilə bağlı olur. İdarəetmədə vahidlik, onlar arasında əlaqələndirmə təmin olunmadıqda isə paytaxt təsərrüfatının idarə olunmasında pərakəndəlik və xaos yaranır.
Avropa Şurası ekspertləri paytaxt təsərrüfatındakı xaosu bilavasitə vahid idarəetmənin olmaması ilə əlaqələndirir, amma vahid idarəetmə dedikdə paytaxtın vahid yerli özünüidarə əsasında təşkilini nəzərdə tutur. Şuranın 2007-ci ildə qəbul etdiyi “Paytaxt şəhərlərinin statusu haqqında” tövsiyədə qeyd olunur ki, mərkəzi hökumətin nəzarəti altında olan qurumlar paytaxtın yerli özünüidarə qurumlarının fəaliyyətini kompensasiya edə bilməz. Tövsiyəyə əsasən, paytaxt şəhərləri vahid yerli özünüidarəyə malik olmalıdır, onları təyin olunmuş təsisatların idarə etməsi Avropa Yerli Özünüidarə Xartiyasının məqsədlərinə ziddir.
Böyük şəhərlərdə yaxşı idarəetmənin təmin edilməsi üçün qərar qəbulu prosesi şəffaf mühitdə, yəni bütün maraqlı tərəflərin iştirakı ilə həyata keçirilməli, ictimaiyyət idarəetməyə cəlb edilməli və idarəetmə orqanı hesabatlı olmalıdır. Bu cür idarəetməni məhz vətəndaşların səsi ilə formalaşan seçkili şuralar təmin oluna bilər”.