Prezident İlham Əliyev bu il aprelin 26-28-i Bakıda keçiriləcək “Formula 1” yarışı ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, “Formula 1”ə görə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər martın 15-dən mayın 15-dək ölkənin beynəlxalq hava limanlarında viza ala bilərlər.
Viza verilməsi üçün bu sənədlərdən biri əsas hesab edilir: “Formula 1” yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı; Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı; “Formula 1”ə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.