Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlərə sərəncam verib. Sənədə əsasən, 2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon manat, o cümlədən Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı və Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat ayrılır.
Dövlət başçısı İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Görüşdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov, aktrisa Afaq Bəşirqızı, Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski teatrın müxtəlif problemlərini qaldırıblar. Təkliflərə münasibət bildirən prezident qeyd edib ki, teatr işçilərinin maaşlarını əhəmiyyətli dərəcədə artırmağa ehtiyac var. O, aparıcı teatrlara maddi dəstək də vəd edib.