Ukraynada martın 31-nə təyin olunmuş prezident seçkisi ilə bağlı sosioloji sorğunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, “Reytinq” sosioloji qrupunun 19-28 fevral arasında apardığı sorğuda şoumen Vladimir Zelenski 25,1 faiz səslə önə çıxıb.
Vladimir Zelenski 1978-ci il yanvarın 25-də doğulub. Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib.
1997-ci ildə “95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub. 2003-cü ildən Ukraynanın “1+1” telekanalı ilə əməkdaşlıq edib, kulinar şounun aparıcısı kimi ad çıxarıb. 2005-ci ildən “İnter” telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb.
Prezident seçkisinə Vladimir Zelenski Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılıb.
“Reytinq” sosioloji qrupunun sorğusunda indiki prezident Pyotr Poroşenkonu respondentlərin 16,6 faizi, deputat, Batkivşina Partiyasının lideri Yuliya Timoşenkonu 16,2 faizi dəstəkləyib.
Deputat Yuri Boyko sorğuda 11,3 faiz, Vətəndaş Mövqeyi Partiyasının lideri, deputat Anatoli Qritsenko 7,7 faiz, Radikal Partiyanın lideri, deputat Oleq Lyaşko 5,6 faiz səs toplayıb.
Sorğuya 2500 seçici qatılıb.
Prezident postu uğrunda 42 namizəd mübarizə aparır. İlk turda qələbə üçün 50 faizdən çox səs toplamaq tələb olunur.