Ermənistanın sabiq prezidenti Serj Sərkisyan martın 5-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəlib. Novator.az-ın məlumatına görə, o, Ermənistanın müdafiə naziri və baş naziri olmuş Vazgen Sərkisyanın 60 illiyinə həsr edilən mərasimə qatılıb. Mərasim mərkəzi müdafiə rayonundakı motoatıcı briqadada keçirilib. Bu briqada Vazgen Sərkisyanın adını daşıyır.
1959-cu ildə Ermənistanın Ararat şəhərində doğulan Vazgen Sərkisyan işğalçı Qarabağ müharibəsinin öncül şəxslərindən sayılır. O, 1991-1992 və 1995-1999-cu illərdə Ermənistanın müdafiə naziri olub, 1999-cu il oktyabrın 27-də, baş nazir olarkən terror aktında öldürülüb.
Serj Sərkisyan 1954-cü il iyunun 30-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib.
Serj Sərkisyan 2018-ci il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verməyə məcbur olub.