Respublikaçı Alternativ Partiyası martın 4-də seçki hüququ olan 41 mindən çox vətəndaşın imzaladığı qanun layihələrini Milli Məclisə təqdim edib.
Layihələr Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsi, devalvasiya nəticəsində vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişləri ilə bağlı vurulmuş zərərin ödənilməsi və ali təhsil üçün ödənişləri tamamilə dövlətin ödəməsi haqqındadır.
Bakıda seçkili mer vəzifəsinin təsis edilməsi məqsədilə hazırlanan qanun layihəsi “Azərbaycan Respublikasının paytaxtı haqqında” konstitusiya qanunu adlanır.
“2019-cu ilin dövlət büdcəsinə dəyişikliklər haqqında” qanun layihəsi isə həm pulsuz ali təhsil, həm də devalvasiyanın vurduğu zərər məsələlərini əhatə edir.
Birinci layihəyə görə, Bakı Şəhər Bələdiyyəsi yaradılmalı, paytaxtın icra hakimiyyətinin başçısı mer olmalı, bələdiyyə üzvləri və mer Bakıda qeydiyyatda olan və daimi yaşayan seçicilər arasından 5 il müddətinə seçilməlidir.
İkinci layihəyə görə, 2015-ci ilin fevral və dekabr aylarında ölkədə baş vermiş devalvasiyalar nəticəsində vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişləri ilə bağlı dəyən zərərin ödənilməsi üçün dövlət büdcəsindən 1 milyard 748 milyon 700 min manat, Dövlət İmtahan Mərkəzinə verdikləri imtahan nəticəsində ödənişli ali təhsil hüququ qazanmış vətəndaşların təhsil haqlarının ödənilməsi üçün isə 150 milyon manat ayrılmalıdır.
Azərbaycan Konstitusiyasının 96-cı maddəsi seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü ilə çıxış etmək, yəni Milli Məclisin müzakirəsinə qanun layihələri təqdim etmək hüququ verir.
REAL Partiya bunu əsas götürərək sözügedən qanun layihələrini Milli Məclisə təqdim etmək üçün 2018-ci ilin noyabrından imza toplamağa başlayıb. İmza kampaniyası 2019-cu ilin fevralında başa çatıb.
REAL Partiyanın sədri İlqar Məmmədovun bildirdiyinə görə, kampaniya dövründə 41 min 658 imza toplanıb.
Qanuna əsasən, iki ay ərzində Milli Məclisdən layihələrə münasibət bildirilməlidir.
REAL Partiyanın imza kampaniyasının koordinatoru Elkin Xəlilov olub.