Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun (Xədicə İsmayıl, İntiqam Əliyev, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və s.) son siyahısında 127 nəfərin adı yer alırdı. Jurnalist və bloqçular bölümündən Mehman Hüseynov martın 2-də azadlığa çıxdı. Fotoqraf, videobloqçu Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdə idi. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Novator.az-ın məlumatına görə, şair Tofiq Həsənlini də sayanda hazırda 9 nəfər qələm adamı həbsdədir. 12 oktyabr 2015-ci ildə tutulan Tofiq Həsənli narkotik satışında təqsirli bilinib. 6 il müddətinə azadlıqdan məhrum edilib.
Digər 8 məhbus bu şəxslərdir: Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi, Fikrət Fərəməzoğlu, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli.
Azadxeber.net saytının baş redaktoru Nicat Əliyev 21 may 2012-ci ildə tutulub. Dini təyinatlı ədəbiyyatın qanunsuz istehsalı və yayımında, narkotik alverində, hakimiyyətin zorla ələ keçirilməsinə çağırışda, dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərdə təqsirli bilinib. 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xeber44.com internet qəzetin baş redaktoru Araz Quliyev 9 sentyabr 2012-ci ildə tutulub. Qanunsuz silah saxlama, hakimiyyət nümayəndəsinə müqavimət, ictimai qaydanın pozulması, milli, irqi, sosial, dini ayrı-seçkiliyə səbəb olan hərəkətlərdə, dövlət bayrağı və ya dövlət gerbi barədə təhqiredici davranışda təqsirli bilinib. 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bloqçu Rəşad Ramazanov 9 may 2013-cü ildə tutulub. Narkotik vasitə satışında təqsirli bilinib. 9 il müddətinə azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi 29 avqust 2014-cü ildə tutulub. Silah qismində istifadə edilən əşyaların tətbiqi ilə xuliqanlıqda təqsirli bilinib. 5 il müddətinə azadlıqdan məhrum edilib.
Jam.az portalının baş redaktoru Fikrət Fərəməzoğlu 30 iyun 2016-cı ildə tutulub. Hədə-qorxu ilə tələb etmə ittihamı ilə təqsirli bilinib. 7 il müddətinə azadlıqdan məhrum olunub, sonradan cəzası 6 ilə endirilib.
Müstəqil jurnalist Əfqan Muxtarlı 29 may 2017-ci ildə tutulub. Dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. 6 il müddətinə azadlıqdan məhrum edilib.
“Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllı 2017-ci il fevralın 17-də tutulub. Hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edib. Sonradan üstündə ancaq hədə-qorxu ilə tələb etmə ittihamı saxlanıb və cəza müddəti 7 ilə endirilib.
“Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli 2017-ci il sentyabrın 5-də tutulub. Silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.