İqtisadçı Qalib Toğrul dövlət başçısının problemli kreditlər haqda imzaladığı fərmanla bağlı yeni şərh yayıb.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların rəsmi kursunu 0,7862 manatdan 1,05 manata qaldırıb. Dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya qərar verib, rəsmi kurs 1,55 manat olub. Hazırda 1 dollar 1,7 manata təklif edilir.
2015-ci ilin əvvəlində, devalvasiya olmamış Mərkəzi Bank problemli kreditləri 976,3 milyon manat həcmində göstərib. 2019-cu il yanvarın 1-nə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 585 milyon manat həddində rəsmiləşib. Bunun 810,9 milyon manatı xarici valyutadadır.
2019-cu il fevralın 28-də prezident İlham Əliyev fiziki şəxslərin problemli kreditlərinin həlli tədbirlərinə fərman verib. Sənədə əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 15 sent; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri ilə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 35 sent ödənəcək.
2015-ci il fevralın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 15 sent; 2015-ci il dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 35 sent ödəniş nəzərdə tutulur.
Kompensasiyalar maksimum 10 min dollaradək ödəniş müddəti keçmiş kreditləri əhatə edir.
Fərmanda fiziki şəxslərin vaxtı keçmiş kredit borclarına hesablanmış faizlərin silinməsi tövsiyəsi də yer alır.
Novator.az-ın məlumatına görə, Qalib Toğrul yazır ki, kompensasiya və borcların yenidən hesablanması mexanizmi zamanı bir məqama diqqət yetirmək gərəkdir. İqtisadçı problemli kreditlərlə bağlı sənədin hazırlanmasında iştirak etmiş məmurlardan birinin hesablamasına istinadla qeyd edir ki, tutalım, 21 fevral 2015-ci ilə 10 min dollarlıq krediti olmuş, indiyə qədər heç nə ödəməmiş vətəndaşın faizlərlə birgə 32 min dollar borcu var: “22 min dollarlıq faizlər silinəndən sonra yerdə qalan 10 min dollara 5 min dollar kompensasiya hesablanır (birinci devalvasiya üçün hər dollara 15 sent ödənir, ikinci devalvasiya üçün hər dollara 35 sent). Qalır 5 min dollar və ya indiki rəsmi kursla 8500 manat.
İndi isə güc-bəla ilə kreditinin bir hissəsini ödəyən borcalanın timsalında misala baxaq. Vətəndaş 10 min dollar kredit götürüb, birinci devalvasiyaya qədər 2 min dollar ödəyib, 8 min dollar qalıb. O, ikinci devalvasiyaya qədər borcunun bir hissəsini də ödəyib, 21 dekabr 2015-ci ilə kreditin əsas qalıq məbləği 5 min dollara düşüb.
Həmin vətəndaşa birinci devalvasiya üçün 1200 dollar (8000 x 0,15), ikinci devalvasiya üçün 1750 dollar (5000 x 0,35) düşür. Cəmi kompensasiya məbləği 2950 dollar olur. Heç nə ödəməyən borcalana kreditinin bir hissəsini ödəyən vətəndaşdan 2050 dollar çox kompensasiya hesablanır. Bu, ədalətsizlik deyilmi? Axı kreditini ödəyən vətəndaşın itirdiyi daha çoxdur, onun ödədiyi faiz silinir, qarşılığında heç nə verilmir. Yəni dollar kreditini ödəyən vətəndaş ikiqat ziyana düşür, həm yüksək kursla ödədiyi faizlər silinir, həm də krediti ödəməklə pis iş tutmuş kimi ona heç nə ödəməyəndən daha az kompensasiya hesablanır. Məncə, bu məsələyə yenidən baxılmalı, ayrıca mexanizm hazırlanmalıdır”.
Problemli kreditlərlə bağlı fərman imzalandı