Fevralın 28-də prezident İlham Əliyev fiziki şəxslərin problemli kreditlərinin həlli tədbirlərinə fərman verib. Sənədə əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri ilə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik ödənəcək.
2015-ci il fevralın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik; 2015-ci il dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik ödəniş nəzərdə tutulur.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların rəsmi kursunu 0,7862 manatdan 1,05 manata qaldırıb. Dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya qərar verib, rəsmi kurs 1,55 manat olub. Hazırda 1 dollar 1,7 manata təklif edilir.
2015-ci ilin əvvəlində, devalvasiya olmamış Mərkəzi Bank problemli kreditləri 976,3 milyon manat həcmində göstərib. 2019-cu il yanvarın 1-nə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 585 milyon manat həddində rəsmiləşib. Bunun 810,9 milyon manatı xarici valyutadadır.
Novator.az-ın məlumatına görə, iqtisadçı Qalib Toğrul prezidentin 28 fevral fərmanın izahını belə verir: “Kompensasiyalar 1 yanvar 2012-ci ildən 28 fevral 2019-cu ilə kimi bağlanmış kredit müqavilələri üzrə devalvasiya tarixlərinə maksimum 10 min dollaradək ödəniş müddəti keçmiş əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə tətbiq ediləcək.
Tutaq ki, fiziki şəxs 1 yanvar 2012-ci ildə 50 min dollarlıq kredit götürüb və onu hissə-hissə ödəyib, 21 fevral 2015-ci ilə kreditin əsas məbləğinin qalığı 9 min 900 dollar olub. Bu halda həmin kredit müqaviləsi üzrə kreditin əsas məbləği fərmanın əhatə dairəsinə daxildir. Fərman 50 min dollarlıq kreditin 9 min 900 dollarlıq əsas məbləğinə şamil olunacaq.
Daha aydın olması üçün ikinci bir misala baxaq. Tutaq ki, 2014-cü ildə fiziki şəxs 15 min dollarlıq kredit götürüb, 21 fevral 2015-ci ilə kreditin əsas məbləği üzrə borc 10 min 100 dollardır. Bu halda həmin kredit müqaviləsinə fərmanın nəzərdə tutduğu kompensasiyalar şamil edilməyəcək. Çünki fərmanda söhbət kredit müqavilələrinin dəyərindən deyil, qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarından gedir.
2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) ödənəcək.
Tutaq ki, fiziki şəxslə 2014-cü ildə bağlanmış 20 min dollarlıq kredit müqaviləsi üzrə əsas kredit borcunun qalıq məbləği 21 fevral 2015-ci ilə 5 min dollar təşkil edib. Bu zaman həmin 5 min dollara görə 750 dollar (5000 x 0,15) kompensasiya hesablanacaq.
2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) ödəniş nəzərdə tutulur.
Tutaq ki, fiziki şəxslə 22 fevral 2015-ci ildə bağlanmış 13 min dollarlıq kredit müqaviləsi üzrə əsas kredit borcunun qalıq məbləği 21 dekabr 2015-ci ilə 9 min dollar təşkil edib. Bu zaman həmin 9 min dollara görə 3 min 150 dollar (9000 x 0,35) kompensasiya hesablanacaq.
2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına gəlincə, göstərilən tarixlərə əsas kredit borcunun qalıq məbləğinə kompensasiyalar yuxarıdakı misallarda verilən qaydada ayrıca hesablanaraq cəmlənəcək. Ola bilər ki, hansısa fiziki şəxsin əsas kredit məbləği 21 fevral 2015-ci ilə 10300 dollar, ancaq 21 dekabr 2015-ci ilə 9 min dollardır. Bu halda birinci kompensasiya halı (1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) həmin fiziki şəxsə şamil olunmayacaq, 2015-ci il dekabrın 21-nə isə həmin fiziki şəxsin əsas kredit məbləğinə (0,6 manat (0,35 ABŞ dolları) kompensasiya tətbiq olunacaq.
Ola bilər ki, bir fiziki şəxsin bir neçə bankda problemli dollar krediti olsun. Bu zaman Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumatları əsasında fərmanda qeyd olunan tarixlərə əsas kredit borclarının məbləğləri cəmlənəcək. Əgər cəmi məbləğ 10 min dollardan yuxarı olarsa, həmin fiziki şəxsə kompensasiya verilməyəcək.
Fərmanın əhatə etdiyi kreditlərin bir hissəsi və ya tamamı ödənmişsə necə?
Sənədə görə, ilk növbədə son iki devalvasiyadan zərər görmüş bankların ziyanı ödənəcək. Fərmanda nəzərdə tutulur ki, kompensasiyalar fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənməsinə yönəldiləcək, yerdə qalan məbləğ isə həmin fiziki şəxslərə veriləcək. Ancaq bir fiziki şəxsə ödənəcək kompensasiyanın ümumi məbləği 5000 ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.
Fərmanda qoyulan şərtlərə uyğun gələn problemli kreditlərin bütün əsas məbləği ödənmir, yalnız son iki devalvasiya nəticəsində manatla artan hissəsi kompensasiya edilir.
Dövlət ödəniş müddəti keçmiş 10 min dollaradək kreditin devalvasiyalar nəticəsində artan hissəsini ödədikdən sonra yerdə qalan məbləğin və 17 min manatadək milli valyutada olan problemli kreditlərin taleyi ilə bağlı da tədbirlər planlaşdırıb. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının daha əlverişli şərtlər çərçivəsində ödənməsi məqsədilə onlara kredit almaq imkanı yaradılacaq. Bu zaman illik faiz dərəcəsi 1 faiz, müddət isə 5 il müəyyənləşdiriləcək.
Fərmanda fiziki şəxslərin vaxtı keçmiş kredit borclarına hesablanmış faizlərin silinməsi və məhkəmədə olan işlərin geri çağırılması tövsiyəsi də yer alır”.