Nazirlər Kabineti “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydalarını təsdiqləyib. Novator.az bildirir ki, qaydalara görə, “az” şərti işarəsi qlobal internet şəbəkəsində Azərbaycan Respublikasına məxsus milli seqmenti əks etdirən yüksək səviyyəli ölkə kodudur. Sənəd “az” ölkə kodlu yüksək səviyyəli domen adı ilə yaradılmış informasiya ehtiyatının kontenti və (və ya) onun vasitəsilə informasiyanın yayılması ilə bağlı yaranan münasibətlərə şamil edilmir.
Domen adlarının inzibatçılığını domen adlarının milli inzibatçısı, domen adlarının qeydiyyatını və onlara texniki xidməti isə yerli və ya xarici qeydiyyatçılar aparır.
“Gov.az” domen zonasının inzibatçılığı Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydalara uyğun tənzimlənir.
Fiziki şəxslər internet informasiya ehtiyatında qeydiyyatdan keçməklə istifadəçi hesabı yaradarkən özləri barədə bu məlumatları daxil edirlər: adı, soyadı və atasının adı, vətəndaşlıq mənsubiyyəti, ünvanı; əlaqə məlumatları (sabit və (və ya) mobil telefon nömrəsi, elektron poçt ünvanı); şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi, verildiyi orqanın adı və tarixi; fərdi sahibkardırsa – vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).
Hüquqi şəxslərdən bu məlumatlar tələb olunur: rəhbərinin və ya nümayəndəsinin adı, soyadı və atasının adı, vətəndaşlıq mənsubiyyəti, ünvanı; həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi, verildiyi orqanın adı və tarixi; hüquqi şəxsin tam adı, qeydiyyatdan keçdiyi ölkəni göstərməklə, ünvanı və əlaqə məlumatları (sabit və (və ya) mobil telefon nömrəsi, elektron poçt ünvanı); vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).
Qeydiyyatçı domen adının qeydiyyata alınması barədə qərarı sifarişçiyə göndərdiyi andan onlar arasında qeydiyyat müqaviləsi qüvvəyə minmiş hesab edilir.
Domen adının qeydiyyat dövrü bir dəfəyə 10 ildən çox, 1 ildən az olmamaqla qeydiyyat müqaviləsi ilə müəyyən edilir və qeydiyyat dövrünə görə ödəniş illər üzrə hesablanır.
Qaydalar, habelə domen adlarının nümunəvi qeydiyyat müqaviləsi, müraciət forması və qeydiyyat proseduru barədə məlumatlar qeydiyyatçıların internet informasiya ehtiyatlarında və milli inzibatçının idarə etdiyi www.whois.az internet informasiya ehtiyatında yerləşdirilir.
Domen adı ən azı 3 (üç) və ən çoxu 63 simvoldan ibarət ola bilər. Adın seçilməsi zamanı Azərbaycan Respublikasına aid coğrafi adlardan (rayon, şəhər, bölgə, dağ, çay, qoruq və s.), özünün, varislərinin və ya qanuni nümayəndələrinin razılığı olmadan görkəmli və tanınmış şəxsiyyətlərin soyadlarından, adlarından, təxəllüslərindən və bunlardan yaranan ifadələrdən, onların müxtəlif dillərə tərcümə edilmiş formalarından istifadəyə yol verilmir. Belə domen adlarının qeydiyyatı həmin şəxslərin, onların varislərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırıldıqdan sonra qeydiyyata alınır.
İctimai qaydaya, mənəviyyata və ya əxlaqi normalara zidd, insan ləyaqətini alçaldan, milli ədavəti qızışdıran, dini dəyərləri təhqir və təhrif edən, qəddarlığı, zorakılığı və qanunla qadağan edilən digər hərəkətləri müdafiə edən söz və ya ifadələrin domen adında istifadəsinin qarşısının alınması məqsədi ilə “Stop-list” siyahısı müəyyən olunur.
Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının), onların strukturlarına daxil olan və ya tabeliyindəki qurumların, beynəlxalq qurumların, idarə və müəssisələrin, həmçinin ictimai və siyasi təşkilatların adlarından, onların adlarının qısaldılmış və ya müxtəlif dillərə tərcümə edilmiş formalarından domen adında istifadəyə yalnız həmin qurumların yazılı müraciəti və ya razılığı əsasında icazə verilir.