Müxalifəti qanunsuz maliyyələşdirmək ittihamı ilə 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmovun qohumları da cəzalandırılıb.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub. Mayın 25-də bu iş üzrə AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli də həbs ediliblər.
Tutulanlar əsasən qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndiriliblər. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
Bu il fevralın 27-də onların mühakiməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay, Aqil Məhərrəmliyə 4 il, Babək Həsənova 3 il azadlıqdan məhrumetmə cəzası kəsib, Vidadi Rüstəmli ilə Ruslan Nəsirovu isə 6 il 8 aylıq şərti cəzalarla azadlığa buraxıb.
Azadliq.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Saleh Rüstəmlinin qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunması da yer alıb.
Müsadirə olunan əmlakların bir qismi paytaxt Bakıdadır. Yasamal rayonunda 2, Xətai rayonunda 1 mənzil müsadirə olunub.
Gədəbəy şəhərində Saleh Rüstəmovun qardaşının həyat yoldaşı Rəsmiyyə Rüstəmovanın adına olan ikimərtəbəli qeyri-yaşayış sahəsinin; Saleh Rüstəmovun qardaşı Valeh Rüstəmovun adına 0,5 hektar torpaq sahəsi və üzərində qeyri-yaşayış sahəsinin; Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmova məxsus fərdi yaşayış evinin; 70 kvadratmetrlik qeyri-yaşayış sahəsinin; fərdi yaşayış evinin; 0,6 hektar torpaq sahəsinin; 0,5 hektar torpaq sahəsinin; 0,2454 hektar həyətyanı torpaq sahəsinin müsadirə olunduğu bildirilir.
Müsadirə olunan digər əmlaklar bunlardır: Saleh Rüstəmovun bacısı Yeganə Rüstəmovanın adına Abşeron rayonunun Novxanı kəndində 0,1 hektar, Qobu qəsəbəsində 0,08 hektar torpaq sahələri; Gədəbəy-Novosaratovka şosesinin kənarında 0,5 hektar torpaq sahəsi; Saleh Rüstəmovun qardaşının həyat yoldaşı Rüxsarə Rüstəmovanın adına Gədəbəy rayonunun Qumlu massivində 0,1 hektar torpaq sahəsi.