Manatın devalvasiyaya uğradığı 2015-ci ildən bəri vaxtı keçmiş kreditlər 608,7 milyon manat artıb.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların rəsmi kursunu 0,7862 manatdan 1,05 manata qaldırıb. Dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya qərar verib, rəsmi kurs 1,55 manat olub.
Hazırda 1 dollar 1,7 manata təklif edilir.
2015-ci ilin əvvəlində, devalvasiya olmamış Mərkəzi Bank problemli kreditləri 976,3 milyon manat həcmində göstərib. 2019-cu il yanvarın 1-nə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 585 milyon manat həddində rəsmiləşib. Bunun 810,9 milyon manatı xarici valyutadadır.
Fevralın 28-də prezident İlham Əliyev fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlərə fərman verib. Söhbət fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclardan gedir.
Novator.az bildirir ki, fərmana əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik ödənəcək.
2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri ilə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik ödənəcək.
2015-ci il fevralın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik ödənəcək.
2015-ci il dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik ödənəcək.
Ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri 15 gün müddətində təsdiq etməlidir.
Qurum ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödənəcək vəsaitin məbləğini 45 gün müddətində müəyyən etməlidir.
Bir fiziki şəxsə ödənəcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.
Mərkəzi Banka 28 fevral 2019-cu ilədək fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etmək tövsiyə olunub.
Başqa bir tövsiyə bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş (illik faiz dərəcəsi 0,5 faiz olmaqla) qiymətli kağızların verilməsini təmin etmək barədədir.
Banklara fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmək, fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsi üçün digər addımlar atmaq tövsiyə olunub.