Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, əmək pensiyasının minimum məbləği 2019-cu il martın 1-dən 160 manat məbləğində müəyyən olunur. Təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda həmin məbləğə çatdırılmaqla ödənəcək.
2017-ci il iyulun 1-dən əmək pensiyasının minimum məbləği 110 manat məbləğində müəyyən olunmuşdu. 2018-ci il yanvarın 1-dən pensiyalar 5,7 faiz artıb, minimum pensiyanın məbləği 116 manata çatıb. Bu il yanvarın 1-dən pensiyalara 3 faiz artım hesablandığı üçün minimum pensiyanın məbləği 120 manat olmalı idi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı AZƏRTAC-a deyib ki, minimum pensiyanın məbləğinin 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edir: “9 min nəfərin pensiyası 75 manat, 26 min nəfərin pensiyası 37 manat, 74 min nəfərin pensiyası 27 manat, 80 min nəfərin pensiyası 15 manat artır. Ümumilikdə 233 min nəfərin pensiyasında ümumi orta artım 40 faizə yaxınlaşır. Artımın edilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan bu il 49 milyon manat əlavə vəsait yönəldiləcək”.
Bu il yanvarın 1-nə olan məlumata görə pensiya təminatı sistemi 1,3 milyon nəfəri əhatə edir. Onların 58,3 faizi yaşa, 11,6 faizi ailə başçısını itirməyə, 30,1 faizi əlilliyə görə pensiya alanlardır.