Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov AZƏRTAC-ın suallarını cavablandırıb. O qeyd edib ki, 2018-ci ildə Neft Fondunun gəlirləri 15,3 milyard manat, xərcləri 11,5 milyard manat nəzərdə tutulub, amma xam neftin faktiki qiymətinin büdcədə nəzərdə tutulan 55 ABŞ dolları ilə müqayisədə daha yüksək olması nəticəsində büdcədə 6,2 milyard manat artıqlıq yaranıb: “2018-ci ilin əvvəlinə 35,8 milyard dollar səviyyəsində olan Dövlət Neft Fondunun aktivlərinin həcmi ilin sonuna təqribən 7,6 faiz artaraq 38,5 milyard dollara çatıb.
Neft Fondu 2001-ci ildən bir çox strateji əhəmiyyətli layihənin maliyyələşdirilməsində iştirak edir. Dünyanın ən iri enerji layihələri sırasında mühüm yer tutan TANAP, “Şahdəniz 2”, eləcə də Bakı-Tbilisi-Qars yeni dəmir yolu kimi layihələr uğurla icra edilib, Türkiyənin “Star” neft emalı zavodu kompleksi ötən il prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Fondun maliyyələşdirdiyi bir sıra layihələrin, o cümlədən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin icrası artıq başa çatmaq üzrədir. 2021-ci ildə xaricdə təhsil proqramı çərçivəsində təhsil alan son tələbənin məzun olması nəzərdə tutulur. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində görülmüş işlər isə tamamlanıb, 2019-cu ildə bu layihə çərçivəsində son obyekt olaraq Şabran rayonu ərazisində yeni suvarılan torpaqların istifadəyə verilməsi obyektinin tikintisinin başa çatdırılması nəzərdə tutulur. Məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi isə davam etdiriləcək. Bu məqsədlə fondun 2019-cu il büdcəsində 200 milyon manat vəsait ayrılıb”.
Şahmar Mövsümov deyib ki, fondun 2019-cu il üzrə büdcə layihəsi hazırlanarkən neftin bir barrelinin satış qiyməti dövlət büdcəsində olduğu kimi 60 dollara bərabər götürülüb: “Proqnozlaşdırılan qiymət səviyyəsinə uyğun olaraq Neft Fondunun büdcə gəlirləri 15,5 milyard manat səviyyəsində nəzərdə tutulub. Fondun 2019-cu il üzrə proqnozlaşdırılan xərcləri 11,6 milyard manat təşkil edir, bunun 11,4 milyard manatı dövlət büdcəsinə transfert, 200 milyon manatı məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərlə bağlı xərclər, 30,9 milyon manatı qurumun idarə edilməsi xərcləridir.
Dövlət büdcəsinin 2019-cu ildə ümumi gəlirlərinin 23,2 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır, onun tərkibində neft sektorundan daxilolmaların 13,7 milyard manat təşkil edəcəyi gözlənir. Beləliklə, dövlət büdcəsi gəlirlərinin 49 faizi Neft Fondundan edilən transfertlər hesabına formalaşacaq”.