AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin mühakiməsi başa çatıb. Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay, Aqil Məhərrəmliyə 4 il, Babək Həsənova 3 il azadlıqdan məhrumetmə cəzası kəsib, Vidadi Rüstəmli ilə Ruslan Nəsirovu isə 6 il 8 aylıq şərti cəzalarla azadlığa buraxıb.
Novator.az bildirir ki, 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan iş adamı Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub. Mayın 25-də bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli də həbs ediliblər.
Tutulanlar əsasən qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndiriliblər. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
Azadliq.org-un məlumatına görə, 27 fevral prosesində son sözlə çıxış edən Saleh Rüstəmov həbsinin siyasi sifarişli, ittihamların da qurama olduğunu bildirib. O qeyd edib ki, siyasi məhbuslara yardım məqsədilə Azərbaycana pul göndərilib, amma məbləğ ümumilikdə 10 min dolları keçməyib.
Aqil Məhərrəmli son sözündə bu cinayət işini Azərbaycanda demokratiyanın, söz azadlığının boğulmasının tərkib hissəsi kimi qiymətləndirib: “Mən həbs olunanda əkiz qızlarım 4 aylıq idi, indi 1 yaş iki aylıqdırlar. Övladlarımın bir yaşını görməkdən məhrum elədilər məni. Bütün bunlara, gördüyüm işgəncələrə baxmayaraq bu gün məndən soruşan olsa dəyərdimi, cavab verərdim ki, dəyərdi. Mən qul təfəkkürü ilə yaşamağı özümə sığışdıra bilmərəm. Hər bir cəmiyyətin bəlası təslimçilikdən başlayır. İnsanlar yalnız ədaləti tapanda xoşbəxt olur. Daim ədalət axtarışında olanlarla çiyin-çiyinə olduğum üçün fəxr edirəm”.
Babək Həsənovun son sözü belə olub: “Mənə verilən ittihamlarda ümumi cəza 19 ildir. Bu cəzanı iki dəfə artırıb 38 il, hətta 19-a vurub 361 il də versəniz də əqidəmdən döndərə bilməzsiniz. Mən bu məhkəmədən də imdad diləmirəm. Çünki bilirəm ki, iradəniz öz əlinizdə deyil. Olsaydı, yəqin ki, bizə bəraət verərdiniz”.