Azərbaycana rəsmi səfərə gələn Gürcüstan prezidenti Salome Zurabişvili fevralın 27-də rəsmən qarşılanıb. AZƏRTAC xəbər verir ki, mərasimdən sonra prezident İlham Əliyevin ali qonaqla təkbətək görüşü olub. İlham Əliyev deyib ki, iki ölkə bütün sahələrdə uğurlu əməkdaşlıq edir və bu əməkdaşlıq gündən-günə dərinləşir: “Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik”.
Salome Zurabişvili deyib ki, regiona ilk səfərini dost, qardaş ölkəyə edir: “Mən Azərbaycana dost ölkənin prezidenti kimi gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var.
Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik”.
İlham Əliyev və Salome Zurabişvili nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə də bir araya gəliblər.