Fevralın 27-si Bakıda görüşən Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyevlə Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, Azərbaycan və gürcü xalqları əsrlər boyu bir-birinin yanında olub: “Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir.
Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir.
Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Bu gün bu məsələlər də geniş müzakirə olundu. Bildirməliyəm ki, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə bir qədər nəzər salsaq görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, üç ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik. Bu gün bu layihələr bizim iqtisadi inkişafımızı böyük dərəcədə artırır. Bu marşrut üzrə bu gün Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Bu, bölgədə ən böyük infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Artıq TANAP xətti ilə qazın nəqli təmin edilir. Bu layihələr ölkələrimiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır, geniş mənada əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir.
Biz bu gün nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət göstəririk və bu da danışıqların mövzusu olub. Bu layihələr də ölkələrimizə çox böyük fayda gətirir. İl yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəticəsində indi ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və artacaq. Biz hələ bu layihənin icrasının birinci mərhələsindəyik, ancaq artıq bunun faydasını görürük və artan yükdaşımalar deməyə əsas verir ki, biz düzgün yoldayıq. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Azərbaycan öz qonşuları ilə, Xəzərin şərq hissəsində yerləşən ölkələrlə çox fəal danışıqlar aparıb, razılığa gəlinib. Əminəm ki, bu razılıq əsasında indi yükdaşımalar böyük dərəcədə artacaq. Bu, bizim ümumi layihəmizdir. Bu yeni dəhliz imkan verəcək ki, qitələr birləşsin. Yenə də burada Azərbaycan, Gürcüstan və Türkiyə – ənənəvi üçtərəfli əməkdaşlıq formatı əsas rol oynayıb, indi isə əməkdaşlıq edən ölkələrin sayı artır.
Əlbəttə ki, bu gün bütün başqa məsələlərlə, o cümlədən humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıldı.
Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar. Gürcüstan və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bu, böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir.
Şadam ki, xanım prezident Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla görüşəcək, o cümlədən gürcü əsilli vətəndaşlarla. Bu, onlar üçün də çox mühüm hadisə olacaq. Əminəm ki, orada yaşayan digər xalqların nümayəndələri də buna sevinəcəklər”.
Salome Zurabişvili deyib ki, iki ölkə bir yerdə tarixi yol keçib: “Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də bizi birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir. Çünki biz bütün faciələri birlikdə yaşadıq və yenə də irəliləyişə, inkişafa, mədəniyyət sahəsində tərəqqiyə nail ola bildik. Hər bir məsələdə çox yaxınlıq və dostluq hiss edirəm.
Biz ötən əsrin sonu və bu əsrin əvvəlində birlikdə energetika sahəsində həqiqətən çox irimiqyaslı layihələr həyata keçirdik. Biz bütün dünyaya göstərdik ki, bu region mərkəzi regiondur, bu dəhliz sabit dəhlizdir və bu regiona böyük investisiyalar qoymaq olar. İndi qarşımızda duran əsas məqsəd daha böyük layihələri gündəmə gətirməkdir”.