İranın keçmiş xarici işlər naziri Məhəmmədcavad Zərif bir qrup diplomatın istefa verməyə hazırlaşması barədə xəbərə münasibət bildirib. Gunaz.tv-nin məlumatına görə, sabiq nazir fevralın 26-sı jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyindəki diplomat həmkarlarına müraciət edərək deyib: “Mənim İran Xarici İşlər Nazirliyində və onun nümayəndəliklərində çalışan bütün əziz bacı-qardaşlardan istəyim budur ki, onlar ölkənin müdafiəsi üçün var gücləri ilə öz vəzifələrini davam etdirsinlər və istefadan çəkinsinlər. Sizinlə birgə işləmək mənim üçün iftixar idi. Ümid edirəm ki, mənim istefam Xarici İşlər Nazirliyinin öz qanuni mövqe və məcrasına qayıtmasına təkan verəcək”.
Məhəmmədcavad Zərif fevralın 25-i axşam özünün “İnstaqram” səhifəsində istefa verdiyini bəyan edib. O, vəzifədə olduğu müddətdə dəstək gördüyü vətəndaşlara və hakim dairələrə təşəkkürünü bildirərək bunları əlavə edib: “Tutduğum vəzifədə xidmətimi davam etdirmək üçün gücsüzlüyümə və bu postda xidmət etdiyim müddətdə mövcud çatışmazlıq və qüsurlara görə üzr istəyirəm”.
İranın Entekhab.ir saytına açıqlamasında Məhəmmədcavad Zərif dini lider Əli Xamneyinin fevralın 25-i Tehranda Suriya prezidenti Bəşər Əsədlə görüşünü xatırladaraq deyib ki, bundan sonra onun dünyada xarici işlər naziri kimi hörmət və imici qalmayıb.
Məhəmmədcavad Zərif 2013-cü ilin avqustundan xarici işlər naziri idi. Onun 25 fevral bəyanatının ardınca Xarici İşlər Nazirliyində çalışan bəzi diplomatların istefa verməyə hazırlaşması barədə məlumat yayılıb.
Fevralın 25-də Suriya prezidenti Bəşər Əsəd İrana səfər edib. Onun İranın dini lideri Əli Xamneyi ilə görüşündə yalnız prezident Həsən Ruhani və SEPAH-ın “Qüds” qanadının komandanı Qasım Süleymani iştirak edib. Məhəmmədcavad Zərif görüşə dəvət edilməyib.
Suriyada 2011-ci ilin mart ayında Əsəd sülaləsinin hakimiyyətdən getməsi tələbi ilə başlayan xalq hərəkatı sonradan vətəndaş müharibəsinə çevrilib. 2000-ci ildən ölkədə prezident postunu Bəşər Əsəd tutur. 1971-2000-ci illər arasında isə Suriyaya onun atası Hafiz Əsəd prezidentlik edib. İran münaqişədə Əsəd sülaləsinə siyasi, iqtisadi və hərbi dəstək verir.