Fevralın 26-sı Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilib. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev yürüşdə iştirak edib.
Paytaxtın Azadlıq meydanından başlayan yürüş Xətai rayonunda ucaldılmış abidə ətrafında başa çatıb. Yürüşün iştirakçıları və onların keçdikləri prospekt və küçələr boyu düzülmüş minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu plakatlar və transparantlar tutublar.
Yürüşdən sonra İlham Əliyev “Rossiya 24” telekanalının müxbirinə müsahibə verib. O deyib ki, Xocalı faciəsi Azərbaycan xalqının sağalmaz dərdidir, xalqa qarşı törədilən soyqırımıdır, ötən əsrin ən böyük cinayətidir: “Yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar – qocalar, qadınlar və uşaqlar həlak olub, zərər çəkiblər. Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin.
Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir və onların xatirəsi bizim üçün müqəddəsdir. Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək”.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlar Azərbaycanın Xocalı şəhərində soyqırımı törədiblər. Kütləvi qırğında 613 nəfər qətlə yetirilib.
13 ölkənin parlamenti, ABŞ-ın 22 ştatının qanunverici orqanı Xocalı soyqırımını tanıyan sənədlər qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı da Xocalı faciəsini soyqırımı kimi tanıyıb.