Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev prezident İlham Əliyevin fevralın 25-də imzaladığı sosial müdafiə sərəncamının detallarını açıqlayıb. Ötən gün jurnalistlərlə bir araya gələn nazir bildirib ki, sərəncam ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və prezident təqaüdlərini artırır, eləcə də həmin təqaüdlərin əhatə dairəsini genişləndirir: “Sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılması nəzərdə tutulur”.
Nazir qeyd edib ki, sosial müavinətin məbləğinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 146 manatdan 300 manata çatdırılması planlaşdırılır: “25 fevral sərəncam eyni zamanda prezident təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində prezident təqaüdünün təsis edilməsi yer alıb”.
Nazir diqqətə çatdırıb ki, sərəncamda müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində prezidentinin təqaüdünün təsis edilməsi də tapşırılıb.
Sahil Babayev deyib ki, dövlət başçısının sərəncamı ilə müharibə əlillərinə prezident təqaüdünün məbləğinin I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata çatdırılması təmin ediləcək: “Sərəncam əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara prezident təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) də şamil olunmasını və bu təqaüdün məbləğinin 73 manatdan 100 manata çatdırılmasını nəzərdə tutur.
1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) prezident təqaüdünün məbləği hazırda 121 manatdır. Bu məbləğin də 150 manata çatdırılması sərəncamda əksini tapır”.
Nazir diqqətə çatdırıb ki, qeyd olunan müavinət və təqaüdlərin bu il aprelin 1-dən artırılması nəzərdə tutulur: “Bu artımlar üçün cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq”.