2018-ci ildə vergilər üzrə büdcəyə toplanmış vəsaitin məbləği 7 milyard 415 milyon 463 min manat olub. Vergiler.az-ın məlumatına görə, vergi daxilolmalarının 25,4 faizi dövlət, 74,6 faizi özəl sektorun payına düşüb. Daxilolmaların strukturunda neft-qaz sektorunun payı 32,9 faiz göstərilir.
Hesabata əsasən, ötən il toplanmış vergilərin 49 faizi sənayenin payına düşüb, tikinti sektoru isə 12 faizlə ikinci yerdə qərar tutub. Strukturda xidmət sektorunun payı 11,8 faiz, ticarət sektorunun payı 8,6 faiz, digər sahələrin payı 18,6 faiz təşkil edib.
2018-ci ildə büdcəyə ən çox mədaxil mənfəət vergisi üzrə olub – 33,7 faiz. Vergi daxilolmalarının 26,3 faizi əlavə dəyər vergisinin, 13,4 faizi fiziki şəxslərin gəlir vergisinin, 6 faizi sadələşdirilmiş verginin, 2,5 faizi əmlak vergisinin payına düşüb. Qalan 5,2 faiz digər daxilolmalara aiddir.
Vergilər Nazirliyi 2018-ci ildə ümumilikdə 1707 səyyar vergi yoxlaması təyin edib, onlardan 1703-ü başa çatdırılıb. 2017-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 3,4 dəfə azalıb.
2018-ci il ərzində vergi orqanları 15612 nəzarət tədbiri keçirib. Bu tədbirlər nəticəsində 20,8 milyon manat məbləğində maliyyə sanksiyası hesablanıb.