AXCP təşkilat şöbəsinin müdiri Saqif Qurbanov 15 sutkalıq inzibati həbs cəzası alıb. Azadliq.info bildirir ki, qərarı fevralın 25-də Səbail Rayon Məhkəməsi çıxarıb.
Məlumata görə, Saqif Qurbanlı fevralın 24-də Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsinə dəvət edilib. Bölməyə gedən cəbhəçi oradan Səbail Rayon Polis İdarəsinə aparılıb, fevralın 25-də məhkəmə önünə çıxarılıb. Saqif Qurbanlının polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilindiyi vurğulanır.
Saqif Qurbanlı bu il yanvarın 20-də də tutularaq 20 sutka inzibati həbs cəzası almışdı.
Ötən həftənin sonları AXCP üzvləri Tofiq Məmmədov və Baba Süleymanov Bakıda tutulublar. Hər iki fəala polisin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə 15 sutkalıq inzibati həbs cəzası verilib. Tofiq Məmmədov haqda qərar Nəsimi Rayon Məhkəməsində, Baba Süleymanov haqda qərar Yasamal Rayon Məhkəməsində çıxarılıb.
AXCP bu həbsləri, eləcə də Saqif Qurbanlının tutulmasını müxalifətin 2 mart aksiyası ilə bağlayır.
Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək martın 2-si saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) mitinq keçirmək istədiyini bildirib.
Müxalif təşkilat bu il yanvarın 19-da həmin stadionda mitinq keçirib. Aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb. Milli Şuranın yanvarın 26-sı və fevralın 23-ü eyni yerdə siyasi və sosial tələblərlə keçirmək istədiyi mitinqlərə razılıq verilməyib. Bakı Şəhər İcra Hakimiyyəti rədd cavablarını Milli Şuranın 19 yanvar mitinqindən sonra ictimai asayişin pozulması, eyni zamanda şura üzvlərinin yanvarın 20-si Şəhidlər xiyabanını ziyarət zamanı qanun pozuntularına yol verməsi, həmçinin Yasamal sakinlərinin istirahət hüququnun qorunması zərurəti ilə əsaslandırıb.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli ilə yanaşı onun müavini Vahid Məhərrəmli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.