Demokratik Qüvvələrin Milli Şurası yenə mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Aksiya martın 2-si saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) təyin olunub.
Müxalif təşkilat bu il yanvarın 19-da həmin stadionda mitinq keçirib. Aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb. Milli Şuranın yanvarın 26-sı və fevralın 23-ü eyni yerdə siyasi və sosial tələblərlə keçirmək istədiyi mitinqlərə razılıq verilməyib. Bakı Şəhər İcra Hakimiyyəti rədd cavablarını Milli Şuranın 19 yanvar mitinqindən sonra ictimai asayişin pozulması, eyni zamanda şura üzvlərinin yanvarın 20-si Şəhidlər xiyabanını ziyarət zamanı qanun pozuntularına yol verməsi, həmçinin Yasamal sakinlərinin istirahət hüququnun qorunması zərurəti ilə əsaslandırıb.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli ilə yanaşı onun müavini Vahid Məhərrəmli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.
Fevralın 22-də yaydığı bəyanatda Milli Şura bildirib ki, mitinqlərə icazə verilməməsi vətəndaşların sərbəst toplaşmaq hüququnun əlindən alınması, hakimiyyətin diktaturaya tam keçid etməsi deməkdir: “Dinc mitinqlərə razılıq verilməməsi ölkədə ictimai-siyasi gərginliyi artırır, əhalinin dinc etirazlara imkan verilmədiyini görən müxtəlif təbəqələri daha radikal hərəkətlərə, razılaşdırılmamış aksiyalara sövq edir və Azərbaycan hakimiyyətinə əlavə beynəlxalq təzyiqlər üçün əsas verir. Milli Şura hakimiyyəti bütün bunları nəzərə almağa, məsuliyyətli davranmağa və ölkədə sərbəst toplaşmaq azadlığının tamamilə ləğvindən çəkinməyə çağırır”.