Konstitusiya Məhkəməsi “gün” anlayışını necə şərh edib?
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışına dair qərar qəbul edib. Novator.az bildirir ki, qərara görə, Respublika Prokurorluğu Konstitusiya Məhkəməsinə müraciətində Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş cinayətin subyektlərinin hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmələri və ya üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında gəlməmələri halları üzrə həmin maddədə göstərilən “gün” anlayışının hansı müddəti ehtiva etməsinin şərhini istəyib: “Sorğuya əsasən, Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulan cinayətin subyektlərinin hərbi hissəni özbaşına tərk etmə və ya xidmət yerinə vaxtında gəlməmələrinin günlərlə hesablandığı hallarda onların əməllərinə cinayət hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə təcrübəsində ziddiyyətlər yaranıb. Əksər hallarda hərbi qulluqçular hərbi hissəni və ya xidmət yerini tərk etdikləri və xidmət yerinə gəlmədikləri andan növbəti gün eyni saatadək olan müddət 1 gün kimi hesablanmaqla Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilirlər.
Lakin bəzi məhkəmələr bu müddətin hesablanması ilə bağlı fərqli mövqeyə əsaslanaraq göstəriblər ki, Cinayət Məcəlləsinin 333-cü maddəsində müddətlər saatlarla deyil, günlərlə göstərildiyinə görə həmin maddədə nəzərdə tutulmayan vaxt ölçüsü kimi saata istinad edilməsi və şəxsin cinayət məsuliyyətinə günün deyil, saatın keçməsi ilə bağlı cəlb edilməsi hüquqi müəyyənlik prinsipinin tələblərinə ziddir. Bu halda məhkəmələr Cinayət-Prosessual Məcəlləsinin 202.1-ci maddəsinə istinad edərək belə nəticəyə gəlirlər ki, cinayət mühakimə icraatı zamanı həmin məcəllə ilə müəyyən edilmiş müddətlər saatlar, günlər, aylar, illərlə hesablanır və Cinayət Məcəlləsinin 333-cü maddəsində göstərilən müddət günün bitməsi və növbəti günün başlaması kimi gecə saat 12:00-dan sonra hesablanmalıdır.
Cinayət Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, eyni əməllər altı ay ərzində təkrar törədildikdə bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsində “gün” anlayışına açıqlama verilmədiyi üçün bu anlayışa izah vermək məqsədi ilə həmin qanunvericiliyə daha yaxın olan və cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edən Cinayət-Prosessual Məcəlləsinə müraciət olunmalıdır.
Cinayət-Prosessual Məcəlləsinin 202-ci maddəsində prosessual müddətlərin hesablanması qaydasından bəhs olunur. Həmin maddəyə əsasən, cinayət mühakimə icraatı zamanı müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır.
Göründüyü kimi, qanunverici bu maddədə gün anlayışının başlanğıcını və qurtarmasını 24 saat (sutka) çərçivəsində müəyyən edib. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 333-cü maddəsində nəzərdə tutulmuş “gün” anlayışı 24 saatlıq müddəti ehtiva edir. Həmin maddədə göstərilmiş müddətlər çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etdiyi və ya üzrlü səbəblər olmadan öz xidmət yerinə vaxtında gəlmədiyi andan bir günün 24 saat olması nəzərə alınmaqla hesablanmalıdır”.