AZƏRTAC prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir” sərlövhəli məqaləsini yayıb. Məqalədə qeyd olunur ki, 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı ərazi iddiaları qaldıraraq Dağlıq Qarabağ Muxtar Vilayətini və ətrafdakı 7 rayonu işğal edib, bir milyondan artıq dinc əhalini öz doğma yurd-yuvasından didərgin salmaqla etnik təmizləmə həyata keçirib: “Ermənistanın bölgədə apardığı təcavüzkar siyasətin nəticəsi olaraq 30 ilə yaxındır Cənubi Qafqazda silahlı münaqişə və qanlı toqquşmalar davam edir. Azərbaycanın və beynəlxalq sülhyaratma qurumlarının, ilk növbədə BMT və ATƏT-in bütün səylərinə baxmayaraq hələ də Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilmək istəmir və bölgədə dayanıqlı sülhün bərqərar olmasına ciddi maneə törədir. Hazırda Cənubi Qafqazda hər an yeni silahlı toqquşmalar və qanlı müharibələr başlaya bilər, bu da yeni-yeni insan fəlakətlərinə səbəb olar”.
Əli Həsənov yazır ki, 1992-ci ilin əvvəllərindən Ermənistan silahlı qüvvələri öz təcavüzkar siyasətlərini genişləndirərək Dağlıq Qarabağ və ətraf ərazilərdəki azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini bir-birinin ardınca işğal etməyə başlayıb: “Qısa zaman kəsiyində Xocavənd, Cəmilli, Meşəli, İmarət-Qərvənd, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı və digər kəndlər zəbt olunub, əhalinin bir qismi əsir götürülüb, onların əmlakı və mal-qarası mənimsənib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan dövlətinin nizami hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanan Xocalı şəhərinə hücuma keçərək bir gecənin içində onu yerlə yeksan ediblər. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın və 70 nəfəri ahıl qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib.
Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıdaraq onun suverenlik əzmini qırmaq, ərazi bütövlüyü uğrunda apardığı mübarizədən çəkindirmək və torpaqlarını zorla ələ keçirmək idi. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə xüsusi fərqlənən Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və sonrakı rəhbərliyinin, həmçinin Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.
Ermənistan Xocalı faciəsini törətdikdən sonra Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, sərəncamında olan qoşunlarının dəstəyi ilə Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq daha 7 rayonu işğal edib, bir milyona yaxın azərbaycanlını öz doğma ev-eşiyindən didərgin salaraq qaçqın və məcburi köçkünə çevirib”.
Şöbə müdiri bildirir ki, dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb: “Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “ müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib”.
Əli Həsənov yazır ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi və Ermənistanın işğalçı dövlət olması faktı BMT Təhlükəsizik Şurasının 1993-cü ilin aprel-noyabr aylarında qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrində, ATƏT-in 1996-cı il Lissabon sammitinin qərarında, BMT Baş Assambleyasının 60-cı (2006) və 62-ci (2008) sessiyalarının çıxardığı “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələrində, AŞPA-nın (2005) qərarında, Avropa Parlamentinin (2010) qətnaməsində, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitinin bəyannaməsində (2017), Avropa İttifaqı-Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” razılaşmasında (2018), Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVI (2012) və XVII (2016) sammitlərinin qərarlarında və başqa beynəlxalq sənədlərdə əksini tapıb: “Lakin bütün bunlara baxmayaraq Ermənistan beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasətini davam etdirir və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına ciddi maneçilik törədir. Dünyadakı erməni diasporu və lobbisi Dağlıq Qarabağ problemini, Ermənistan dövlətinin işğalçılıq siyasətini, evindən qovulmuş bir milyona yaxın azərbaycanlının böyük faciəsini, Azərbaycan torpaqlarının işğal altında saxlanması faktını, Xocalı qətliamını və bu qəbildən olan digər qanlı cinayətləri unutdurmaq, diqqətdən kənarda saxlamaq məqsədilə 1915-ci il hadisələrini gündəmə gətirib qardaş Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddiası qaldırırlar”.
Şöbə müdiri qeyd edir ki, Azərbaycan və türk diaspor təşkilatları öz çevikliyini və mütəşəkkilliyini artırmalı, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir: “Bəzi dövlətlər qondarma “erməni soyqırımı” haqqında əsasız qərarlar qəbul ediblər. Biz həmin ölkələrdə də ardıcıl iş aparılmalı, onların vətəndaş cəmiyyətləri ilə işləməyin məqbul səmərəli üsullarını tapmalıyıq. Soydaşlarımız yerli və beynəlxalq ənənəvi media, eləcə də sosial şəbəkələr vasitəsilə geniş kampaniyalar təşkil etməli, soyqırımı problemlərini, o cümlədən Xocalı faciəsinə dair real faktları elmi konfranslarda, simpoziumlarda və digər toplantılarda təqdim etməlidirlər”.
Məqalə bu sözlərlə bitir: “Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndirməli və Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşa olunmasına nail olmaq üçün bütün qüvvələrimizi birləşdirərək bundan sonra da daha ciddi çalışmalı, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətə öz töhfəmizi verməliyik”.