Demokratik Qüvvələrin Milli Şurası fevralın 23-də keçirmək istədiyi mitinqə razılıq verilməməsi ilə bağlı bəyanat yayıb.
Təşkilat bu il yanvarın 19-da paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb.
Milli Şuranın yanvarın 26-sı və fevralın 23-ü eyni yerdə siyasi və sosial tələblərlə keçirmək istədiyi mitinqlərə razılıq verilməyib. Meriya rədd cavablarını Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra ictimai asayişin pozulması, eyni zamanda şura üzvlərinin yanvarın 20-də Bakıda Şəhidlər xiyabanını ziyarət zamanı qanun pozuntularına yol verməsi, həmçinin Yasamal sakinlərinin istirahət hüququnun qorunması zərurəti ilə əsaslandırıb.
Novator.az-ın məlumatına görə, Milli Şuranın fevralın 22-də yaydığı bəyanatda deyilir ki, mitinqlərə icazə verilməməsi vətəndaşların sərbəst toplaşmaq hüququnun əlindən alınması, hakimiyyətin diktaturaya tam keçid etməsi deməkdir, eyni zamanda 19 yanvar mitinqindən sonrakı qorxunun nəticəsidir: “Hakimiyyət 19 yanvar mitinqində Azərbaycan xalqının kütləvi hərəkata keçid mərhələsində olduğunu gördü və bunun qarşısını almağın ilk yolu kimi növbəti dinc mitinqlərə razılıq verməməyi düşündü. Bu qanunsuz addımı dərhal xalqın müxtəlif təbəqələrini ələ almaq üçün görülən imitasiya xarakterli tədbirlər təqib etməyə başladı. Bununla yanaşı 19 yanvar mitinqinin təşkilatçılarına və iştirakçılarına kütləvi surətdə polisdən, başqa dövlət orqanlarından hədə-qorxu və ələ alma zəngləri oldu. Bütün bu tədbirlər, hakimiyyətin düşüncəsinə görə, xalqın oyanışını əngəlləməli, mitinqlərin davamına kütləvi marağı azaltmalı idi.
Lakin 23 fevral mitinqinə “yox” deyilməsi də göstərir ki, hakimiyyətin gözləntiləri doğrulmayıb. Hakimiyyət dərk edib ki, Azərbaycan xalqının oyanışı artıq dönməz xarakterdədir və nə hədə-qorxu, nə də ələ alma cəhdləri onu ölkədə köklü dəyişiklik istəyindən çəkindirə bilir. Xalq dinc etiraz mitinqlərinə daha çox ölkədə köklü dəyişikliklərə nail olmaq vasitəsi kimi baxır və bu üzdən də mitinqlərin iştirakçı sayı baxımından getdikcə böyüyəcəyi şübhəsizdir. Hakimiyyət məhz buna əmin olduğu üçün çıxış yolunu növbəti dəfə mitinqə razılıq verməməkdə görüb.
Milli Şura bəyan edir ki, dinc mitinqlərə razılıq verilməməsi ölkədə ictimai-siyasi gərginliyi artırır, əhalinin dinc etirazlara imkan verilmədiyini görən müxtəlif təbəqələri daha radikal hərəkətlərə, razılaşdırılmamış aksiyalara sövq edir və Azərbaycan hakimiyyətinə əlavə beynəlxalq təzyiqlər üçün əsas verir.
Milli Şura hakimiyyəti bütün bunları nəzərə almağa, məsuliyyətli davranmağa və ölkədə sərbəst toplaşmaq azadlığının tamamilə ləğvindən çəkinməyə çağırır. Şura tələb edir ki, vətəndaşların toplaşmaq hüququna hörmət olunsun və bundan sonra dinc mitinqlər üçün ediləcək müraciətlərə qanunla nəzərdə tutulduğu kimi müsbət cavab verilsin: “Əks halda yarana biləcək istənilən xoşagəlməz hadisəyə görə hakimiyyət məsuliyyət daşıyacaq”.
Bəyanatda vurğulanır ki, Milli Şura siyasi mübarizənin dinc məcrada aparılması mövqeyinə sadiqdir və etiraz aksiyalarının hər hansı qarşıdurmaya yol verilmədən təşkilində maraqlıdır: “Milli Şura bundan sonra da əlindən gələni edəcək ki, xalqın kütləvi etiraz mitinqləri və ümumən hakimiyyətə qarşı mübarizə dinc siyasi müstəvidən kənara çıxmasın. Lakin bunun üçün hakimiyyət də məsuliyyətini dərk edərək uyğun addımlar atmalıdır.
Milli Şura öz tərəfdarlarına və ümumən Azərbaycan xalqına çağırış edir ki, hakimiyyətlə siyasi mübarizənin, sosial-iqtisadi etirazların, eləcə də kütləvi mitinqlərin təşkilində ən xəfif zorakı meyldən də çəkinsinlər, istisnasız olaraq dinc, qanuni vasitələrdən istifadə etsinlər. Xalqımızın oyanış dövründə hər hansı təxribata əsas vermək olmaz”.
Bəyanatda deyilir ki, Milli Şura yaranmış situasiyaya uyğun sonrakı addımları, o cümlədən növbəti mitinqlərlə bağlı detalları müzakirə edir və yaxın günlərdə öz qərarlarını ictimaiyyətə açıqlayacaq.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli ilə yanaşı onun müavini Vahid Məhərrəmli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli və başqaları var.