Martın 31-i Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Novator.az-ın məlumatına görə, 30 böyük şəhər, 51 şəhər, 922 rayon, 32 min 105 qəsəbə, 18 min 306 kənd üzrə yerli özünüidarəetmə orqanları formalaşacaq.
Seçkiyə qatılan 13 partiya bülletenlərdə belə sıralanır: Səadət Partiyası, Müstəqil Türkiyə Partiyası, Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Böyük Birlik Partiyası, Hür Dava Partiyası, Cümhuriyyət Xalq Partiyası, Ədalət və İnkişaf Partiyası, Demokrat Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Yaxşı Partiya, Xalqların Demokratik Partiyası, Demokratik Sol Partiya.
Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının qurduğu Xalq ittifaqı böyük şəhərlərin hamısında bələdiyyə başçısı postuna namizəd verib. 27 böyük şəhərdə Ədalət və İnkişaf Partiyası, 3 böyük şəhərdə Milliyyətçi Hərəkat Partiyası qələbə uğrunda mübarizə aparacaq.
Cümhuriyyət Xalq Partiyası ilə Yaxşı Partiyanı bir araya gətirən Millət ittifaqı 23 böyük şəhərdə namizədlər çıxarır. Bələdiyyə başçısı postuna iddialıların 13-ü Cümhuriyyət Xalq Partiyasını, 10-u Yaxşı Partiyanı təmsil edir.
Şəhərlərdə bələdiyyə başçısı vəzifəsinə Xalq ittifaqının 21 namizədi (17-si Ədalət və İnkişaf Partiyasından, 4-ü Milliyyətçi Hərəkat Partiyasından), Millət ittifaqının 27 namizədi (16-sı Cümhuriyyət Xalq Partiyasından, 11-i Yaxşı Partiyadan) var.
31 mart seçkisi Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən bəri 14-cü ümummilli səsvermə olacaq. 2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyası indiyədək Türkiyədə 13 səsvermədən qalib çıxıb. Partiya 3 noyabr 2002-ci ilin parlament seçkisində 34,3% səslə qalib gələrək təkbaşına hökumət qurub.
28 mart 2004-cü ilin bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası 41,7% səslə birinci olub.
22 iyul 2007-ci ilin parlament seçkisində Ədalət və İnkişaf Partiyası 46,6%-lə hamını üstələyib.
21 oktyabr 2007-ci ilin konstitusiyaya dəyişikliklər referendumunda Ədalət və İnkişaf Partiyasının təklif etdiyi yeniliklər 68,9%-lə keçib.
29 mart 2009-cu ilin bələdiyyə seçkilərində partiya 38,4% səslə qalib gəlib.
12 sentyabr 2010-cu ilin konstitusiya dəyişiklikləri referendumunda Ədalət və İnkişaf Partiyasının təklifi 57,9% dəstəklə rəsmiləşib.
12 iyun 2011-ci ilin parlament seçkisində 49,8% səs yığan Ədalət və İnkişaf Partiyası hakim qüvvə statusunu saxlayıb.
30 mart 2014-cü ilin bələdiyyə seçkilərini partiya 42,9% səslə udub.
Partiyanın lideri Rəcəb Teyyub Ərdoğan 2014-cü il avqustun 10-da keçirilmiş ilk ümumxalq seçkisində 51,8% səslə prezident seçilib.
7 iyun 2015-ci ilin parlament seçkisində 40,9% səslə qalib gələn Ədalət və İnkişaf Partiyası bu dəfə parlamentdə mütləq çoxluq qazana bilməyib. Koalisiya danışıqları uğursuz olduğu üçün növbədənkənar seçkiyə gedilib.
1 noyabr 2015-ci ilin parlament seçkisində 49,5% səs götürən Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb.
2017-ci il aprelin 16-da Ədalət və İnkişaf Partiyasının təşəbbüsü ilə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub. Seçicilərin 51,4%-i ana qanunda dəyişikliklər təklifinin lehinə səs verib.
2018-ci il iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərini də Ədalət və İnkişaf Partiyası udub. Prezident seçkisində partiyanın sədri, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan 52,6% səslə kürsüsünü qoruyub. Parlament seçkisinə Ədalət və İnkişaf Partiyası Milliyyətçi Hərəkat Partiyası ilə birlikdə Xalq ittifaqı adı altında qatılıb. Bu blok seçkidən 53,7% səslə qalib çıxıb.