Fevralın 21-də prezident İlham Əliyev İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının əsasnaməsini təsdiqləyib.
2018-ci il martın 29-da yaradılmış komissiyaya Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi sədrlik edir.
Komissiyaya nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, daxili işlər nazirinin müavini, müdafiə nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru daxildir.
Qurumun cari fəaliyyətinin təşkili məqsədilə yaradılan katibliyin funksiyasının həyata keçirilməsi Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə həvalə edilib.
Novator.az bildirir ki, əsasnaməsinə görə, komissiya bu istiqamətlərdə fəaliyyət göstərir: informasiya təhlükəsizliyinə təhdidləri qiymətləndirir; Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, təsirləri və vura biləcəyi zərər ilə bağlı mütəmadi təhlillər aparır; müvafiq sahədə təkliflər hazırlayır; Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət qurumlarının fəaliyyətini əlaqələndirir, birgə tədbirlər planlaşdırır və onların həyata keçirilməsini təmin edir; müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiq olunması sahəsində əlaqələndirmə işlərini təşkil edir; milli potensialın genişləndirilməsi işlərinin koordinasiyasını təmin edir.
Komissiyanın əsas vəzifələri əsasnamədə belə sıralanır:
– informasiya təhlükəsizliyi, habelə ölkədə kibercinayətkarlıqla bağlı əsas təhdid və risklərin müəyyən olunması, qiymətləndirilməsi və gələcək təhdidlərin proqnozlaşdırılması sahəsində mütəmadi təhlillər aparmaq, təkliflər hazırlamaq və bu sahədə aparılan işlərin əlaqələndirilməsini təmin etmək;
– informasiya təhlükəsizliyi, o cümlədən kibertəhlükəsizlik sahəsində mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması məqsədilə müvafiq dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini təşkil etmək;
– ölkədə informasiya təhlükəsizliyinin təmin olunması və kibercinayətkarlıqla mübarizə sahəsində fəaliyyət göstərən qurumlar arasında operativ və səmərəli məlumat mübadiləsini təşkil etmək, qarşılıqlı əməkdaşlığı genişləndirmək;
– ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş işi təşkili etmək;
– internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyini təxirə salmadan müəyyən etmək və bu barədə müvafiq qurumları dərhal məlumatlandırmaq;
– informasiyanı mühafizə vasitələri və sistemləri üçün dövlət standartlarının, texniki şərtlərin, normaların və başqa texniki normativ hüquqi aktların hazırlanması və tətbiqi işlərini əlaqələndirmək;
– ölkədə informasiya təhlükəsizliyinin təminatı və bu sahədə müvafiq texnologiyaların tətbiqi məsələləri ilə bağlı daxil olmuş müraciətlərə, texniki şərtlərə, təkliflərə rəy vermək;
– dövlət qurumlarının, habelə ictimai əhəmiyyətli infrastruktur obyektlərinin fəaliyyətində istifadə olunan proqram təminatının və antivirus proqramlarının yaradılması layihələrini əlaqələndirmək, onların təhlükəsizlik tələblərinə uyğunluğunu təhlil etmək, habelə açıq kodlu proqram təminatından istifadə imkanlarına baxmaq;
– ölkədə kibercinayətkarlıqla mübarizə sahəsində özəl sektor və vətəndaş cəmiyyəti təşkilatlarının daha geniş əməkdaşlığa cəlb olunmasını təşkil etmək;
– informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində normativ hüquqi bazanın və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
– informasiya təhlükəsizliyinin təminatı və kibercinayətkarlıqla mübarizə sahəsində qanunvericiliyin tələblərinin, eləcə də müvafiq beynəlxalq standartların dövlət qurumlarında, həmçinin ictimai əhəmiyyətli infrastrukturlarda tətbiq olunması vəziyyətini sorğular əsasında öyrənərək, mövcud uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər vermək;
– informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə sahəsində ölkədə mütəxəssis resursu üzrə ehtiyacları araşdırmaq və bu sahədə təşkilati potensialı qiymətləndirmək, elmi, texniki və kadr potensialının genişləndirilməsi məqsədilə təkliflər hazırlamaq və müvafiq işləri əlaqələndirmək;
– kibertəhlükəsizlik və kriptologiya sahəsində elmi-texniki işlərə, səmərələşdiricilik, ixtiraçılıq və layihə-konstruktor işlərinə həsr olunmuş mövzular barədə təkliflərə, müraciətlərə baxmaq və münasibət bildirmək, habelə milli potensialın gücləndirilməsi üçün əlavə təklif və təşəbbüsləri toplayaraq təhlil etmək;
– informasiya təhlükəsizliyinin, kibercinayətkarlıqla mübarizənin təminatı və gücləndirilməsi məqsədilə beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsi üçün təkliflər hazırlamaq, xarici ölkələrlə elmi-texniki əlaqələr yaratmaq, bu əlaqələrin inkişaf etdirilməsi üçün təkliflər hazırlamaq, beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi işlərini əlaqələndirmək;
– internet informasiya məkanında Azərbaycan Respublikasının milli maraqları əleyhinə təbliğat və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı müvafiq əks-tədbirlərin görülməsi ilə bağlı işləri əlaqələndirmək;
– dövlətin informasiya təhlükəsizliyinin qorunması məqsədilə kütləvi informasiya vasitələri ilə əlaqəli fəaliyyəti təşkil etmək.