Prezident İlham Əliyev fevralın 21-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Skoferi və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilər ötən gün Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan və baş nazir Nikol Paşinyanla görüşlər keçiriblər.
1988-ci il fevralın 13-dən Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlər, eləcə də Xocalı şəhəri ermənilərin əlinə keçib. 1992-ci il mayın 8-9-da Şuşa şəhərinin işğalı ilə Azərbaycan Dağlıq Qarabağa nəzarəti tam itirib. Müharibənin sonrakı mərhələsində Dağlıq Qarabağ ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.
1994-cü il mayın 12-də Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı Moskvada atəşkəs sazişi imzalayıb.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.