Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) Azərbaycanda hərəkət azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədi yayıb.
Sənəd 30 nəfərlə aparılan müsahibə əsasında hazırlanıb.
Azadliq.org-un məlumatına görə, dəyərləndirmə sənədində deyilir ki, ölkədən çıxışına qadağa qoyulan şəxslərdən 18 nəfəri jurnalist, 5 nəfəri siyasi fəal, 4 nəfəri hüquqşünas və hüquq müdafiəçisi, 2 nəfəri yazar, 1 nəfəri isə vətəndaş cəmiyyəti təşkilatı rəhbəridir.
Mərkəz bildirib ki, bu sənədin məqsədi siyasi motivli səyahət qadağalarının yaratdığı hüquqi problemlər və nəticələri barədə ictimaiyyəti, dövlət orqanlarını, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatları məlumatlandırmaqdır.
2013-cü ildən bəri Azərbaycanda 20-yə yaxın jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Onlardan bəziləri qadağanı qanunsuz saydıqlarından məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib.
Şikayəti təmin olunmayan jurnalistlərdən 9 nəfəri (Natiq Cavadlı, Xədicə İsmayıl, Aynur İmranova, Gülər Mehdizadə, İzolda Ağayeva, Aynura Heydərova, Aytən Ələkbərova, Aynur Qənbərova və Aytac Əhmədova) Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub.
Azərbaycan hökuməti kimlərinsə ölkədən çıxışına qoyulmuş yasağın siyasi motivli olduğu haqda iddiaları rədd edir. Ölkə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanda fundamental azadlıqlar tam təmin edilir, insanlar qanun qarşısında bərabərdirlər, siyasi məqsədlərlə, peşə fəaliyyətinə görə hər hansı təqib yoxdur.