Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində “Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları” sərlövhəli məqalə yayıb. Məqalənin böyük bir hissəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimlinin tənqidinə həsr olunub.
1965-ci il təvəllüdlü Əli Kərimli Əbülfəz Elçibəyin hakimiyyəti zamanı (1992-1993) əvvəl Prezident Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
Əli Həsənov yazır ki, prezident İlham Əliyev son aylarda büdcənin artan imkanlarını sosial problemlərin həllinə yönəltdikdən, iqtisadi liberallaşmanı sürətləndirdikdən, siyasi plüralizmin genişlənməsi və bütövlükdə ölkədə insan kapitalının sürətli inkişafına xidmət edən çoxsaylı qərarlar qəbul etdikdən sonra xarici anti-Azərbaycan qüvvələr daha da fəallaşıblar: “Bu qüvvələr xaricdəki anti-Azərbaycan şəbəkəsi və ölkəmizin daxilindəki “beşinci kolonu”, bir çox digər uzantılarını, o cümlədən Əli Kərimlini və onun qrupunu fəallaşdıraraq işə qoşublar. Əli Kərimlinin xaricdə mənzil tapan internet resurslarından birinə müsahibə verərkən prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi effektli siyasəti öz merkantil maraqları çərçivəsində şərh etməyə çalışması da həmin şəbəkənin fəaliyyətinin bir təzahürüdür”.
Əli Həsənovun fikrincə, istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə İlham Əliyev hakimiyyətinin qazandığı hər bir uğur Əli Kərimli və bu tipli insanların siyasi iflasını dərinləşdirir, onları cəmiyyətin dinamikasından geridə qoyur, ictimaiyyətin diqqət mərkəzindən uzaqlaşdırır: “Belə olan halda onlar özlərini nəinki hakimiyyət uğrunda mübarizənin real subyekti kimi təqdim edə bilmirlər, hətta əbədi müxalifət titulunu da itirmək təhlükəsi ilə üzləşərək xaricdən ötürülən maliyyələrdən məhrum olacaqlarını real təhlükə kimi gözlərinin qarşısına alırlar. Odur ki, sağlam müxalifətçilik zehniyyəti ilə yürüdülən siyasəti təhlil etmək, əgər varsa, onun nöqsanlarını göstərmək, mümkün çətinliklərə diqqət çəkmək, bu yolla müəyyən düzəlişlərə nail olmaq deyil, həmin siyasətin gerçəkləşməsi üçün zəruri olan resurs və alətləri sıradan çıxarmağa, müsbət indikatorları zərbə altına salmağa çalışırlar.
Qara niyyətlərinə ağ yalanlarla heç cür bəraət qazandıra bilmədikləri hallarda isə iddia etməyə başlayırlar ki, guya Azərbaycan hakimiyyətinin son qərarları və addımları yanvarın 19-da müxalifətin keçirdiyi etiraz aksiyasının nəticəsidir. Axı ölçüsü, tutumu hər kəsə bəlli olan bir meydanda üç-beş min adamın iştirak etdiyi mitinq tribunasından hansı dəyərli və təzə fikir səsləndi, yeni proqram açıqlandı, hansı fərqli yol xəritəsi elan edildi ki, Azərbaycan hakimiyyəti onlara xüsusi diqqət yetirməli oldu? Doğrudanmı bu adamlar sadə riyazi hesablamalar apara, bütün güclərini ortaya qoyub “Məhsul” stadionuna yığdıqları bir neçə min adamın Azərbaycanda elektoratın son dərəcə cüzi, sıfıra yaxın bir hissəsini təşkil etdiyini, tərəfdarlarının, hətta ölkədə mövcud olan seçki məntəqələrinin sayından da az olduğunu görə bilmirlər? Onlar görməsə də, Azərbaycan cəmiyyəti hər şeyi yaxşı görür! Azərbaycan cəmiyyəti yaxşı görür ki, 25 ildən artıq bir müddətdə müxalifət düşərgəsində ərsəyə gətirilən “birlik formatları”nın hər biri mövsümi xarakter daşıyıb, fəslin başında “bu dəfə gəlirik” deyə bir-birinə ümid və təsəlli verənlər axırda yabalaşmaya çıxıblar.
Azərbaycan cəmiyyətinin və onun önəmli bir kəsimi olan gəncliyin nəzərindən yayınmır ki, əvvəllər müxalif düşərgədə yaranan birlik formatlarının avanqard qüvvəsini keçmiş hakimiyyətin “bəlkə də qaytardılar” ümidi ilə yaşayan nümayəndələri təşkil edir. İndi heç keçmiş hakimiyyət nümayəndələri də haçansa tutduqları postlara yenidən qovuşmaq üçün Əli Kərimlinin liderliyini qəbul etmir, onu öz revanş arzularının ifadəçisi kimi görmürlər. Belə olan təqdirdə yeni nəsil niyə öz karyera imkanlarını AXCP-nin sıralarında puç etməlidir?”
Prezidentin köməkçisi qeyd edir ki, ölkədə əhalinin sayı artdıqca tələbatlar da çoxalır və Azərbaycan hakimiyyəti öz siyasəti ilə artan tələbatlar qarşısında əhalinin rifahının gücləndirilməsini özünün başlıca vəzifəsi hesab edir: “Bunun üçün problemləri də öyrənir, çıxış yollarını müəyyənləşdirir, amma heç zaman və birmənalı olaraq xalqa populist vədlər vermir. Məsələn, Azərbaycan dövləti bilir ki, bu gün 12 mindən artıq şəhid ailəsinin hər birinə 11 min manat ödəniş vermək gücündədir və müvafiq addım atır. Amma Əli Kərimli əhalinin kredit borcları üzərində ucuz şou düzəldəndə heç hesablayıbmı ki, bəhs etdiyi 500 min insanın banklara ümumilikdə kredit borcu nə qədər edir və dövlət hazırda bu yükün altına girə bilərmi? Siyasətçi heç olmasa bir az realist olmağı bacarmalıdır və şəxsi mənfəəti naminə cəmiyyəti populist bəyanatlarla aldatmamalıdır. Ümumən bu rəqəm özü də mübahisəlidir və mütəxəssislər daha kiçik saydan bəhs edirlər. Amma bəri başdan onu da bildirim ki, Azərbaycan dövləti Əli Kərimlisiz də bu problemi öyrənib təhlil edir və əgər qarşıdan gələn dövrdə dövlətin maliyyə durumu buna imkan verəcəksə, kreditlər məsələsi də nəzərdən keçiriləcək və müvafiq qərar qəbul olunacaq”.