Demokratik Qüvvələrin Milli Şurası növbəti mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Aksiyanı fevralın 23-ü saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) keçirmək nəzərdə tutulur.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, onun müavini Vahid Məhərrəmli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, hüquq müdafiəçisi Oqtay Gülalıyev, ssenarist və kinodramaturq Eldəniz Quliyev və başqaları var.
Milli Şuranın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda sonuncu aksiyası yanvarın 19-da keçirilib. Aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb.
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 26-sı eyni yerdə keçirmək istədiyi aksiyaya razılıq verməyib. Meriya bildirib ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra ictimai asayiş pozulub, eyni zamanda qurumun üzvləri yanvarın 20-də Bakıda Şəhidlər xiyabanını ziyarət zamanı qanun pozuntularına yol veriblər.
Cəmil Həsənlinin 23 fevral aksiyası ilə bağlı açıqlamasında bildirilir ki, mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, dövlətin problemli kreditləri ödəməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və başqa demokratik çağırışlardan ibarətdir.