Ədalət Partiyasının sədri İlyas İsmayılov sabiq səhiyyə naziri Əli İnsanovu həbsdən buraxmağa çağırıb. Strateq.az-a danışan partiya lideri deyib: “Tarixdə mərhəmətli, ədalətli və öz millətinin dəyərlərinə, ənənələrinə sayğı göstərən dövlət başçıları həmişə hörmətlə yad edilib. Mən çox ümid edirəm ki, prezident İlham Əliyev bu təcrübədən çıxış edərək növbəti əfv sərəncamına görkəmli alim Əli İnsanovun da adını əlavə edəcək.
Artıq 73 yaşını haqlamış və 14 ildir dustaq həyatı yaşayan görkəmli alimin həbsdə saxlanması təkcə hakimiyyətə yox, bir millət kimi bizim özümüzə də hörmət, başucalığı gətirmir. Milləti qabağa aparan, ona yol göstərən alimləridir və bu səbəbdən dövlət başçıları həmişə öz alimlərini qorumağa can atmalıdır. Qoca tarix alim-hökmdar dialoqları, alimlər üstündə çıxan savaşlar, alimlərin qorunması üçün ölkə rəhbərlərinin keçirdikləri xüsusi əməliyyatlar barədə heyrətamiz nümunələrlə doludur. Ancaq biz nə edirik? Onsuz da çox az sayda olan həqiqi elm sahiblərimizi, əsl alimlərimizi qorumaq, onlara fəaliyyətləri üçün yüksək şərait yaratmaq əvəzinə onları min bir əziyyətə, məhrumiyyətlərə düçar edirik, həbsə atırıq.
Əli İnsanov Azərbaycanın dünya miqyasında tanınan alimlərindəndir. İndi onu gülünc və siyasi mahiyyətli olduğu açıq-aşkar görünən ittihamlarla həbsdə saxlamağın nə adı var?!
Əli İnsanov ittiham olunduğu əsas maddələrlə cəzasını çoxdan çəkib qurtarıb. Onu təzədən gülünc ittihamlarla içəridə saxlamağın nə adı var?! Axı bu nə ədalətə, nə mərhəmətə, nə də dəyərlərə hörmətə sığır. Əksinə, onu içəridə saxladıqca cəmiyyətdə o fikir güclənir ki, hakimiyyət məhz Əli İnsanovun siyasi iddialarından çəkinərək onu zorla içəridə saxlayır”.
Novator.az bildirir ki, Əli İnsanov tibb elmləri doktorudur. Səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.
1946-cı il martın 22-də Ermənistanın Ləmbəli kəndində anadan olan Əli İnsanov Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Hakim Yeni Azərbaycan Partiyasının qurucularındandır. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
2005-ci ilin oktyabr ayında tutulub, iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı il avqustun 24-də Əli İnsanova yeni cinayət işi qaldırılıb. İttihama görə, avqustun 23-də 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, ədliyyə zabitinə zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.
2017-ci il aprelin 26-da Qaradağ Rayon Məhkəməsi Əli İnsanovu 7 il 5 gün müddətinə azadlıqdan məhrum edib və sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirib. Hüquq elmləri doktoru, professordur.
1966-cı ildən Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda işləyib, 1970-ci ildən respublika prokurorunun köməkçisi olub.
1972-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifəsində çalışıb. 1978-ci ildən respublika prokurorunun müavini, 1985-ci ildən respublika prokuroru postunu tutub.
1990-cı ildən SSRİ Baş Prokurorluğunda, 1992-ci ildə Rusiya Baş Prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.
1992-1995-ci illərdə Azərbaycanın ədliyyə naziri, 2005-2015-ci illərdə Milli Məclisin deputatı olub.