Fevralın 14-də mətbuat konfransı keçirən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, prezident İlham Əliyev əmək pensiyasının minimum məbləğinin artırılması üçün təşəbbüs irəli sürüb: “Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği bu il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.
Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək. Artımın edilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək”.
2017-ci il iyulun 1-dən Azərbaycanda əmək pensiyasının minimum məbləği 110 manat məbləğində müəyyən olunub. Bu məbləğ hər il indeksləşdirilir. 2018-ci il yanvarın 1-dən pensiyalar 5,7 faiz, bu il yanvarın 1-dən 3 faiz artıb.