Ermənistanın Xüsusi İstintaq Xidməti general-leytenant Manvel Qriqoryanın və onun ailə üzvlərinin işi üzrə istintaqı başa çatdırıb.
1956-cı il təvəllüdlü Manvel Qriqoryan Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçısıdır. Dağlıq Qarabağda müxtəlif hərbi hissələrə komandirlik edib, Ermənistan Ordusunda korpus komandiri olub. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub.
2012 və 2017-ci illərdə parlamentin deputatı seçilib, uzun illər “Yerkrapa” könüllülər birliyinin sədri olub.
2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu Manvel Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinib. Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb.
2018-ci il dekabrın 21-də paytaxt Yerevanda ümumi məhkəmə səhhətini nəzərə alaraq Manvel Qriqoryanı pul girovu müqabilində azad edib. Bu, ictimaiyyətin narazılığına səbəb olub, Baş Prokurorluq isə məsələni apellyasiya instansiyasına daşıyıb. Ermənistanın Apellyasiya Məhkəməsi yanvarın 22-də Manvel Qriqoryanın yenidən həbs olunmasına qərar verib. Bu yaxınlarda səhhəti ağırlaşdığından məhbus general xəstəxanaya yerləşdirilib.
Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryana və oğluna – Eçmiədzin şəhərinin sabiq meri Karen Qriqoryana da Xüsusi İstintaq Xidməti analoji ittihamlar irəli sürüb, onlardan başqa yerə getməmək iltizamı alınıb.
Fevralın 14-də açıqlanan yekun ittihama görə, Manvel Qriqoryan və ailə üzvləri digər şəxslərlə qabaqcadan əlbir olaraq qanunsuz əldə etdikləri silah-sursatı, partlayıcı maddələri, texnikanı müxtəlif ünvanlarda, o cümlədən Dağlıq Qarabağda gizlədiblər. Generalın və ailə üzvlərinin xüsusilə külli miqdarda əmlakı, o cümlədən əsgərlər üçün nəzərdə tutulan ərzağı mənimsədiyi vurğulanır.
Manvel Qriqoryana irəli sürülən ittihama əsasən, o, 207 min dollardan çox dəyərdə silah-sursatı və əmlakı, 2,5 milyon dollardan çox dövlət əmlakını, 75,8 min dollardan çox ictimai əmlakı mənimsəyib, 2,5 milyon dollardan çox vergi ödəməkdən yayınıb.
Manvel Qriqoryanın və həyat yoldaşının işi məhkəməyə göndərilmək üçün hazırdır. Onun oğlu isə axtarışa verilib.
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Generalın oğlu da məsuliyyətə cəlb olundu
Qriqoryanın işi həyat yoldaşının da başını yeyir
Məhbus generalın həyat yoldaşı nədə ittiham olunur?
Erməni general yenə həbsə gedir