Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin intensiv və nəticə yönümlü danışıqlar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə atdığı konstruktiv addımlara baxmayaraq Ermənistanda müxtəlif rəsmi səviyyələrdə verilən açıqlamalar heç bir halda danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir: “Ermənistan baş nazirinin mətbuat katibinin və digər Ermənistan rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin danışıqlarda iştirakı barədə iddiaları danışıqlar prosesini iflic etmək cəhdlərindən başqa bir şey deyil.
Sülh ifadəsinə qarşı çıxış etmək Ermənistanın “münaqişənin məxsusi olaraq sülh yolu ilə həll edilməsi” barədə açıqlamalarının yalnız deklarativ xarakter daşıdığını, Ermənistan əsl məqsədinin regionda dayanıqlı sülhün təmin edilməsi deyil, hərbi işğala əsaslanan status-kvonu saxlamaq olduğunu açıq şəkildə nümayiş etdirir”.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə dialoq və təmaslarına maneə olan hal Ermənistanın işğalçılıq siyasəti və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının çağırışlarına baxmayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında belə dialoqun yaranmasına və sülh şəraitində gələcək birgəyaşayışın müzakirə edilməsinə imkan vermir. Ona görə də ilkin və ən vacib addım kimi, BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Sülhün əleyhinə çıxış etmək və aqressiv ritorika ilə danışıqlar prosesini pozmaq əvəzinə Ermənistan rəhbərliyi öz xalqını sülhə və qonşu dövlətlərlə mehriban münasibətlərə hazırlamalıdır”.
Hikmət Hacıyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanın iqtisadi inkişafı mümkün deyil: “İqtisadiyyatın öz qanunları var və iqtisadiyyat inqilabı şüarlar deyil, orta və uzunmüddətli baxışa əsaslanan ardıcıl və planlı iş tələb edir. Münaqişə həll edilmədən Ermənistanda hər hansı iqtisadi sıçrayışın əldə edilməsini iddia etmək utopiyadır.
Hərbi işğalı davam etdirmək Ermənistanın siyasi, iqtisadi və demoqrafik resurslarını tükətməklə yanaşı kiçik daxili bazara malik olan Ermənistanı real regional əməkdaşlıq imkanlarından, investisiyalardan və dayanıqlı inkişafdan məhrum edir.
Hələ də ümidvar olmaq istərdik ki, Ermənistanın yeni rəhbərliyi Köçəryan-Sərkisyan kriminal xuntasının səhvlərini təkrar etməyəcək, siyasi və iqtisadi praqmatizm nümayiş etdirərək münaqişənin həlli istiqamətində ciddi addımlar atacaq, işğalçılıq siyasətinə son qoyaraq regional sülh və çiçəklənmə yolunu seçəcək”.
Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan fevralın 11-də Sputnikarmenia.ru-ya verdiyi müsahibəsində Dağlıq Qarabağ rejiminin sülh danışıqlarında iştirak etməli olduğunu vurğulayıb.
Novator.az bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin 12 fevral iclasında yenə danışıqların formatı məsələsini qaldırıb. O deyib ki, Ermənistan Dağlıq Qarabağın sülh danışıqlarında birbaşa iştirakının tərəfdarıdır. Baş nazir danışıqlarda Ermənistanı təmsil etdiyini, Dağlıq Qarabağın öz hakimiyyəti olduğunu vurğulayıb.
Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinə nəzər salan baş nazir deyib: “Azərbaycan hakimiyyəti bildirir ki, Dağlıq Qarabağ təmsilçilərinin danışıqlara cəlb olunması tələbi irəli sürülürsə, onda bölgənin azərbaycanlı icması da danışıqlarda iştirak etməlidir. Bu mövqenin ciddi aydınlaşdırılmasına ehtiyac var. Məsələ bundadır ki, Dağlıq Qarabağın azərbaycanlı icması hər vaxt danışıqlarda iştirakçıdır. Azərbaycanlı icması ölkədə keçirilən parlament və prezident seçkilərində iştirak edir. Azərbaycan prezidentinin və parlamentinin bu adamların adından danışıq aparmaq mandatı var”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə, dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində, bu il yanvarın 22-si İsveçrənin Davos şəhərində danışıqlar aparıb.
Nikol Paşinyan hökumətinin xarici işlər naziri Zöhrab Mnasakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla indiyəcən dörd dəfə görüşüb. Onlar ötən il iyulun 11-i Belçikanın paytaxtı Brüsseldə, sentyabrın 26-sı ABŞ-ın Nyu-York şəhərində, dekabrın 5-i İtaliyanın Milan şəhərində, bu il yanvarın 16-sı Fransanın paytaxtı Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.