Beyləqana səfər edən prezident İlham Əliyev fevralın 13-də Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun açılışına qatılıb. AZƏRTAC xəbər verir ki, yol 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 20,5 kilometr olan yolun hərəkət hissəsinin eni 6-14 metrdir.
Açılış zamanı prezidentə Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun yenidən qurulması layihəsi barədə də məlumat verilib. İki hərəkət zolaqlı yolun ümumi uzunluğu 39,4 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. Yol iyirmi iki min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirəcək.
İlham Əliyev Beyləqan Olimpiya İdman Kompleksinin açılışında da iştirak edib. Bu, ölkədə istifadəyə verilən 45-ci olimpiya idman kompleksidir.
Beyləqan Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonra prezident əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib.
Dövlət başçısı yenidən qurulan “Beyləqan-1” yarımstansiyasının açılışında da iştirak edib. Arayışa görə, yarımstansiya vasitəsilə Beyləqan şəhərində, Mayak və Yuxarı Aran qəsəbələrində yaşayan 28 min nəfər əhalinin, eyni zamanda şəhərdəki ictimai, sosial-mədəni, idman, müalicə obyektlərinin elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Həmçinin rayon ərazisində olan əkinçilik, pambıqçılıq və digər təsərrüfatların enerji təminatı tam ödəniləcək.