Fevralın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə hazırlıq iclası keçirilib.
Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 2014-cü ilin fevralında o, Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci il oktyabrın 10-da Azad Həsənov ağır xəstə olan atasına baş çəkmək üçün Azərbaycana gəlib. Həmin gün Bakıda tutulub, oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlaması, istehsal etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması) maddəsi ilə ittiham olunur. Bu maddə əmlakın müsadirəsi ilə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.
Bastainfo.com-un məlumatına görə, fevralın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasına Müsavatın sabiq başqanı İsa Qəmbər, partiya rəhbərləri və öncül şəxsləri qatılıblar.
Vəkil Osman Kazımov prosesdə Azad Həsənovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. O bildirib ki, Azad Həsənovun istintaqdan yayınacağını ehtimal etmək üçün heç bir əsas yoxdur. Məhkəmə vəsatəti təmin etməyib.
Mühakimə prosesi fevralın 25-də start götürəcək.