Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əməkhaqqında artımın hansı sahələrdə çalışan işçilərə şamil olunacağı barədə məlumat yayıb.
Prezident İlham Əliyevin 8 fevral 2019-cu il sərəncamı ilə martın 1-dən minimum əməkhaqqı 50 manat artırılaraq 180 manata çatdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda artım maaşı vahid tarif cədvəli ilə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq:
– elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla təhsil müəssisələrində çalışan işçilər;
– dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları vahid tarif cədvəli üzrə ödənilən mülki işçilər;
– dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əməkhaqqından aşağı maaş alan dövlət qulluqçuları;
– dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.);
– dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Nazirlər Kabinetinin 14 mart 2018-ci il qərarı ilə əmək haqları tənzimlənən təşkilatlar: Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əməkhaqqı alan xidmətedici heyət işçiləri.
Rəsmi məlumata görə, artım özəl sektorda çalışan və maaşı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən, azı 150 min nəfər) əməkhaqqının yüksəlməsinə səbəb olacaq.
Minimum əməkhaqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı ərzində (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaq.