Qarabağ atları üzrə mütəxəssis Yaşar Quluzadə Novator.az-a atçılıq sahəsindəki problemlərdən danışıb.
O qeyd edib ki, Qarabağ atlarının sayının azalması Qarabağ xanlığının çöküşündən başlanıb. XIX əsrin birinci yarısında Qarabağ xanlığı ləğv olunandan sonra Qarabağ atları Rusiyaya və digər ərazilərə aparılıb və get-gedə Azərbaycanda bu cinsin sayı azalıb. Sovet dövründə, İkinci Dünya müharibəsi başa çatandan dərhal sonra SSRİ rəhbərliyi yerlərdə at zavodlarının yaradılmasına qərar verib. Bundan sonra professor R.Səttarzadənin başçılığı ilə Qarabağ atlarının axtarışına başlanıb. Bu axtarış Güney Azərbaycan ərazisində də gedib. Bir ayğır, 60 madyan yığılıb, eyni zamanda ərəb ayğırlarını da daxil etməklə Ağdamda atçılıq zavodu qurulub. 1970-ci illərin ortalarında Qarabağ atlarının şöhrəti bərpa olunub. 1981-ci ildə zavodun Paris adlı atı Qazaxıstanda atların gözəllik müsabiqəsində birinci yeri tutub. 1980-ci illərin sonlarında Azərbaycan artıq xaricə at satmağa başlayıb. Dövlət müstəqilliyimizin bərpasından az sonra – 1993-cü ildə Ağdam şəhəri və rayonun bəzi kəndləri işğal edildiyindən atlar Ağcabədi ərazisində yerləşdirilib.
Yaşar Quluzadənin sözlərinə görə, bundan sonra xeyli müddət Qarabağ atları əslində yaddan çıxmış vəziyyətdə olub, seleksiya-damazlıq işləri görülməyib: “Seleksiya-damazlıq işi aparılmayanda isə cins sıradan çıxmaq təhlükəsi ilə üzləşir”.
Bu və digər amillərin tək Qarabağ atlarının yox, Qazaxın Dilboz atının da yaşadılmasına mənfi təsir göstərdiyini deyən Yaşar Quluzadə son illərdə vəziyyəti dəyişmək istiqamətində addımların atıldığını, 2014-2017-ci illərdə dövlət başçısının sərəncamları ilə Qarabağ atı cinsinin inkişaf etdirilməsi üçün vəsait ayrıldığını xatırladıb: “Nəticədə çox gözəl tövlələr tikildi. Amma material yoxdur. O tövlələrdə bizim Qarabağ köhləni yoxdur. 1946-cı ildə zavod tipi yaradılmışdı. Zavod tipi ilə təmizqanlı at arasında fərqlər var. Təmizqanlı Qarabağ atı vaxtilə Qarabağ xanlarında olub. 1946-cı ildə professor Səttarzadə həmin cinsdən cəmi bir ayğır tapmışdı. O atın adı Sultan idi. Həmin Sultanın balası Zaman İngiltərə kraliçası II Yelizavetaya verilmişdi. Zamanın atasının adı Sultan, anasının adı Zəhmət idi. İndi o sarı madyanlardan yoxdur. 20-30 madyan qalıb. Ayğırlar var. Amma ana madyan yoxdur. Bu problemə ciddi şəkildə yanaşılmalıdır. Seçmə taylaşdırma işinin, eyni zamanda elmi araşdırmaların aparılması üçün dövlətin əlavə dəstəyinə ehtiyac var. Çünki bu işlər getmir”.
Yaşar Quluzadə son günlər bəzi atların ölməsi məsələsinə də toxunub: “Atların ölmə səbəblərindən biri budur ki, qışda yonca kiflənir, atlara da o kifli yoncalar verilir. Digər səbəb isə, baytarların dediyinə görə, köçəri quşların peyinləri ilə epidemiyanın yayılmasıdır. Baytarlar deyirlər ki, bu epidemiyaya qarşı bizdə peyvənd yoxdur, ona görə də atlar ölür”.
Yaşar Quluzadə at baytarlarının sayının az olduğunu, ümumiyyətlə baytarlıq sahəsində ciddi problemlərin mövcudluğunu da vurğulayıb.