Bu həftə baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, sosial təsisatlara və infrastruktur obyektlərinə ziyan dəyib. Prezident İlham Əliyevin 7 fevral sərəncamı ilə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Azərbaycanda yeraltı təkanlar fevralın 5-6-da qeydə alınıb. Fevralın 5-i saat 23:31-də İsmayıllı ərazisində zəlzələ olub. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Əsas dağıntılar Şamaxı rayonunda qeydə alınıb.
Fevralın 6-sı saat 02:34-də İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Daha bir yeraltı təkan saat 04:25-də olub. İnsan tələfatı yoxdur.
Fevralın 7-də prezident İlham Əliyev Şamaxı rayonuna gedib. Dövlət başçısı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib. Şəhərin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nömrəli evə baş çəkən prezidentə məlumat verilib ki, ikimərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılıb, ev qəzalı vəziyyətə düşüb.
Evin ağbirçəyi ilə söhbətləşən İlham Əliyev yeni ev tikiləcəyini deyib: “Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş verilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Şamaxıdadırlar, yaxşı işləyirlər. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Harada bərpa etmək mümkündür, bərpa olunacaq. Harada mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürür”.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov prezidentə bildirib ki, kimin imkanı, həyətində başqa bir yeri var orada məskunlaşıb, qalanları rayon icra hakimiyyəti ilə birgə müvəqqəti yerləşdirilir: “Sizin tapşırığınızla dünəndən 73 evə baxış keçirilib. Bunlardan hələlik 26-nın qəzalı olduğu müəyyənləşdirilib, amma müraciətlərin sayı çoxdur, 750 müraciət olunub. On komissiya Şamaxı rayonunda, iki komissiya Ağsu rayonunda, iki komissiya isə İsmayıllı rayonunda işləyir. Komissiyaların sayını artıracağıq ki, Sizin tapşırığınızı daha tez icra edək”.
Prezident İlham Əliyev Vidadi Məmmədov küçəsində Mailə Quliyevaya məxsus 7 nömrəli evdə də oldu. Evin bir otağının divarı zəlzələ nəticəsində tam dağılıb və ev qəzalı vəziyyətə düşüb.
Qəzalı evlərdən biri də Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurova məxsus 10 nömrəli evdir. Birmərtəbəli kürsülü evin otaqlarından biri tamamilə dağılıb. Evə dəymiş ziyanla tanış olan İlham Əliyev sakinlərlə söhbət edib: “Siz bilirsiniz ki, mən Şamaxıda tez-tez oluram. Dəfələrlə olmuşam. Burada yaxşı tədbirlərdə bərabər iştirak etmişik, infrastruktur layihələrinin, sosial obyektlərin, kənd təsərrüfatı obyektlərinin açılışlarında olmuşuq. Şamaxının inkişafı daim diqqət mərkəzindədir.
Təbii, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə sizə öz dəstəyimi göstərim, digər tərəfdən vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda tezliklə bu evlərin bərpası, yenidən tikilməsi nəzərdə tutulur. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır.
Bir neçə il bundan əvvəl Zaqatala, Qax rayonlarında zəlzələ oldu, orada minlərlə ev dağılmışdı. Biz o zəlzələnin fəsadlarını aradan qaldırdıq. Bir neçə il bundan əvvəl daşqın olmuşdu, minlərlə evi su basmışdı. Orada da lazımi tədbirlər görülmüşdü. Bütün evlər dövlət vəsaiti hesabına yenidən tikildi, bərpa edildi. Ona görə biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq. Mən gəlmişəm bunu sizə şəxsən deyim ki, vətəndaşlar tam əmin olsunlar, bütün lazımi işlər görüləcək”.