Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fevralın 8-də informasiya yayaraq bildirib ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya imkanlarının artırılması tədbirləri davam etdirilir: “Bu tədbirlər çərçivəsində ayrı-ayrı bölgələrdə yeni reabilitasiya mərkəzlərinin yaradılması, bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri də davam etdirilir. Hazırda Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Mərdəkan Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işləri davam edir. Cari ilin ilk yarısı ərzində pansionatın istifadəyə verilməsi nəzərdə tutulur.
Bu il Sumqayıt, Yevlax və Naftalan şəhərlərindəki bərpa mərkəzlərinin də əsaslı təmir və yenidənqurmadan sonra açılışı planlaşdırılır. Qeyd olunan müəssisələrdə əlilliyi olan şəxslər bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında səmərəli bərpa müalicə prosedurlarına cəlb olunacaqlar.
Yeni müəssisələrin istifadəyə verilməsi əlilliyi olan şəxslərin bərpa müalicəsinə cəlb edilməsi işlərini daha da gücləndirəcək. 2019-cu ildə Şağan Müalicə Pansionatında, Şəki, Lənkəran, Xaçmaz və Şirvan şəhərlərindəki bərpa mərkəzlərində də əsaslı təmir və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub.
Ötən il bərpa müəssisələrində 11,9 min nəfərə reabilitasiya xidmətləri göstərilib. Protez-Ortopedik Bərpa Mərkəzi isə əlilliyi olan 9,3 min nəfər protez-ortopedik xidmətlərlə təmin edib, onlara 35,3 min reabilitasiya vasitəsi verib”.
Bu həftə iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində 71 yaşlı anasının üzləşdiyi problemdən söz açıb. Novator.az-ın məlumatına görə, o yazıb ki, son illər xəstəliyi ilə əlaqədar anasının hərəkətində çətinlik yaranıb, ikinci qrup əlildir: “Anamın hərəkət qabiliyyətinin zəifləməməsi üçün, reabilitasiya məqsədilə onu ildə bir dəfə Bakının 4-cü mikrorayonunda yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinə göndəririk. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən bu mərkəz əlilliyi olan şəxslərə kompleks tibbi-sosial yardım üçün nəzərdə tutulub. Yaz və yay aylarında sıxlıq olduğu, həm də səhhətində problem yarandığı üçün anamı bu ilin fevral ayında Respublika Əlillərin Bərpa Mərkəzinə yerləşdirməyə qərar verdik. Müraciətimizə cavab verdilər ki, adi qaydada növbəyə yazılsanız, növbəniz 2026-cı ildə çatacaq, nazirliyə müraciət edin. Nazirlikdən isə dedilər ki, bu məsələ yalnız nazir səviyyəsində həll olunur. Bizim isə nazirlərə heç vaxt əlimiz çatmır. Vəziyyəti belə görüb fikrimizdən daşındıq.
Ölkədə 620 minə yaxın əlilliyi olan şəxs var. Hətta onların yarısının belə ehtiyacını ödəmək üçün bərpa mərkəzlərinin sayı onlarla olmalıdır. Bilirəm ki, mənim anam kimi on minlərlə şəxsin belə mərkəzlərdə bərpa olunmaq üçün müntəzəm kurslar qəbul etməyə ehtiyacı var. Onu da başa düşürəm ki, bərpaya ehtiyacı olanların çoxluğu hamının bir neçə mərkəzdə reabilitasiyasını mümkünsüz edir. Elə ona görə də ki, bu gün siyahıya yazılana 2026-cı ildə növbə çatır.
Bəs onda nədən belə mərkəzlərin sayı artırılmır və yaxud mövcud mərkəzlərin çarpayı imkanları genişləndirilmir? Bakı şəhərində belə mərkəzlərdən bir neçəsini tikib əlillərin istifadəsinə verməyə nə mane olur? 53 il müəllim işləyən 71 yaşlı əlil anam sağlamlığını az da olsa bərpa etmək üçün niyə 2026-cı ili intizarla gözləməlidir?”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi var.