Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə Criminal.az (eyni zamanda Criminalaz.com) saytının baş redaktoru Anar Məmmədovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Anar Məmmədovun başçılıq etdiyi saytda dərc olunan yazıları oxuyub təşvişə düşdüyünü iddia edən və buna görə prokurorluğa şikayət edən Gülnar Muradova növbəti dəfə məhkəmə prosesinə gəlmədiyi üçün onun barəsində məcburi gətirmə qərarı qəbul olunub.
Jurnalistin vəkili Elçin Sadıqov ekspert Bəxtiyar Əliyevin əlavə şahid kimi məhkəmədə ifadə verməsi barədə vəsatət qaldırıb. Vəkil hesab edir ki, onun verdiyi ekspert rəyində anlaşılmaz ifadələr var. Hakim vəsatəti təmin edib.
Bəxtiyar Əliyev Anar Məmmədovun başçılıq etdiyi saytda dərc olunan yazılara rəy verib. Ekspert həmin yazılarda dövlət əleyhinə çağırış xarakterli ifadələrin yer aldığını iddia edib.
“Turan” xəbər verir ki, hakim Eldar Mikayılov proses zamanı məhkəmə zalında olanlara foto və video çəkilişlərin aparılması üçün icazə verilmədiyini xatırladaraq xəbərdarlıq edib. Ötən iclasda zərərçəkənlərin fotoları çəkilərək sosial şəbəkədə yayılmışdı.
Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.
Bu il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər internet informasiya resurslarında Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
8 iyul açıqlamasında Criminalaz.com saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Anar Məmmədov Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub. Anar Məmmədova qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Anar Məmmədov ittihamları qəbul etmir. O deyir: “Nə dövlət əleyhinə çağırışlarda iştirak etmişəm, nə də vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma hesab olunacaq əməl törətmişəm. Yazdığım, eyni zamanda başqa saytlara istinadla yaydığım məqalələrdə hakimiyyətin zorla ələ keçirilməsinə və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, dövlət əleyhinə açıq çağırışlarla, habelə dövləti və dövlət hakimiyyət orqanlarını nüfuzdan və dövlətin apardığı siyasətə kölgə salmağa yönələn və ya dövlət hakimiyyəti orqanlarına təzyiq göstərmək məqsədim olmayıb. Sadəcə çoxsaylı digər mənbələrdən əldə etdiyim informasiyalar əsasında gələcəkdə mümkün olan hadisələrin təhlilini dərc etmişəm”.
Baş redaktor hesab edir ki, vəzifə saxtakarlığı və vəzifədən sui-istifadə etmə ittihamları da əsassızdır və bu, ifadə azadlığına müdaxilə sayılmalıdır: “İttiham edilməyimin kökündə duran əsl səbəb bütövlükdə jurnalistika fəaliyyətimdir, çünki korrupsiyanı, vətəndaşların hüquqlarının pozulmasını kəskin tənqid edən məqalələr dərc etmişəm. Bu gün mənim statusum təqsirləndirilən şəxs olsa da əminəm ki, vaxt gələcək mənə qarşı qanunsuzluq özü araşdırma predmeti olacaq”.