İmişli şəhər sakini, təqaüdçü Vaqif Cabbarov cəzaçəkmə müəssisəsində saxlanan oğlu Natiq Cabbarlıya görə narahatlıq keçirir. Fevralın 8-də “Azadlıq” radiosuna danışan Vaqif Cabbarov deyib ki, yanvarın ikinci yarısından sonra məhkum oğlunun qara günləri başlayıb: “Oğlum xəstə idi, müalicə olunurdu. Amma karantin müddətinin bitməyini gözləmədən onu qəfil müalicə müəssisəsindən çıxarıb 2 saylı Cəzaçəkmə Müəssisəsinə aparıblar. Burada isə heç bir səbəb olmadan cərimə kamerasına salıblar. 10 günə yaxındır ondan xəbər yoxdur. Bizə məlumat sızıb ki, o, belə əsassız cəzalandırmaya etiraz olaraq aclıq elan edib. Lakin həbsxana rəhbərliyi bunu gizlədir”.
Vaqif Cabbarov hesab edir ki, oğlu onun siyasi mənsubiyyəti və fəaliyyəti ilə bağlı təzyiqlə üzləşib: “Mən 30 ilə yaxındır siyasi fəaliyyətlə məşğulam. 1988-ci ildə milli-azadlıq hərəkatına qoşulmuşam. Dövlətimiz müstəqilliyini bərpa edəndən sonra isə onun demokratikləşməsi uğrunda mübarizə aparıram. Yaranan vaxtdan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüyəm.
Həbsxanada oğluma qarşı təzyiq yanvarın 14-də “Azadlıq” radiosuna verdiyim müsahibədən sonra başlayıb (Həmin müsahibədə Vaqif Cabbarov prezident İlham Əliyevin 2018-ci il oktyabrın 22-də İmişliyə səfəri zamanı əhalinin dövlət başçısı ilə görüşünə imkan verilməməsindən gileylənib). Yanvarın 19-da Milli Şuranın mitinqində iştirak edəndən sonra telefonuma hədə-qorxu zəngləri gəldi. Yanvarın 20-də səhər açılan kimi Natiq karserə salındı”.
Vaqif Cabbarov oğlunun həyatının təhlükədə olduğunu iddia edir: “Mən ehtimal edirəm ki, qurama cinayət işi açıb onun cəza müddətini artırmaq və daha sərt rejimli müəssisəyə köçürmək istəyirlər. Bütün bunlar isə məndən heyf çıxmağa hesablanıb”. O, baş verənlərlə bağlı Penitensiar Xidmətin rəhbəri Ceyhun Həsənova müraciət etdiyini, ancaq hər hansı cavab almadığını bildirib.
Natiq Cabbarlı 2011-ci ildə Qazaxıstanda tutulub, 13 il həbs cəzası alaraq 2014-cü ildə Azərbaycana ekstradisiya olunub.