Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-da yayılan məqaləsinin ikinci hissəsində 2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizinin ərizə, 30,7 faizinin şikayət, 0,3 faizinin təklif olduğunu vurğulayır: “Prezident Administrasiyasına daxil olan müraciətlərin coğrafiyasının təhlili göstərir ki, onların sayı əvvəlki illə müqayisədə Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Mingəçevir, Naftalan, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Hacıqabul, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Oğuz, Saatlı, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonlardan artıb.
Vətəndaşların müraciətlərinin coğrafiyası, mövzusu, növləri ilə yanaşı hər 1000 nəfərə düşən müraciətlərin sayı da böyük önəm daşıyır və bu göstərici yerlərdə vətəndaş müraciətlərinin dinamikası və ümumi vəziyyəti barədə daha aydın təsəvvür yaradır. 2018-ci ildə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Bakının Xətai, Xəzər və Sabunçu rayonları, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Saatlı, digər şəhər və rayonlarda daha yüksək olub.
Müraciətlərin mövzularına nəzər saldıqda isə daha çox sosial müdafiə, dövlət qulluğu, hüquq mühafizə orqanlarının fəaliyyəti, o cümlədən əfv məsələləri, habelə mənzil, şəhərsalma və tikinti, nəqliyyat, maliyyə və bank, bələdiyyələrin fəaliyyəti və digər məsələlər üstünlük təşkil edir”.
Novator.az-ın məlumatına görə, şöbə müdiri yazır ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının 315 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 379 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2693 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub: “Bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb. 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib.
Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib.
Yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların təhlili göstərir ki, ötən il həmin orqanlara daxil olmuş müraciətlərin sayında artım var. Ən çox artım Bakının Binəqədi, Xəzər, Qaradağ rayonlarında, Gəncə, Yevlax şəhərlərində, Ağcabədi, Ağdam, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gədəbəy, Xızı, Qazax, Qəbələ, Qobustan, Lerik, Saatlı, Şabran, Şuşa, Tovuz, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayonlarda qeydə alınıb.
2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanlanmış vətəndaş müraciətlərinin 72,3 faizi bilavasitə vətəndaşlardan, 27,7 faizi isə yuxarı və ya digər dövlət orqanlarından daxil olub. Yerli icra hakimiyyəti orqanlarında isə bilavasitə vətəndaşlardan və yuxarı dövlət orqanlarından daxil olmuş müraciətlərin nisbəti 51,6 faiz və 48,4 faiz təşkil edib.
Ümumilikdə ötən il ərzində dövlət hakimiyyəti orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 85 faizinə mərkəzi, 15 faizinə isə yerli icra hakimiyyəti orqanlarında baxılıb. Bu müraciətlərin növ etibarilə təhlili göstərir ki, onların 72,3 faizi ərizə, 27,2 faizi şikayət, 0,5 faizi isə təkliflərdən ibarətdir.
Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 32,3 faizi müsbət həll olunub, 3,1 faizi qismən təmin edilib, 10 faizi əsassız sayılıb, 36,6 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilib. Müraciətlərin 12,7 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib, 5,3 faizi icradadır.
Yerli icra hakimiyyətlərində müraciətlərin 32 faizi müsbət həll olunub, 2,8 faizi qismən təmin edilib, 4 faizi əsassız sayılıb, 49,2 faizi barədə müvafiq izahat verilib. Müraciətlərin 8,6 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilib və 3,4 faizi icradadır.
Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə öyrənilməsi onların daha ətraflı təhlilinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda mövcud olan problemlər barədə dəqiq və düzgün məlumat əldə etməyə, həmin qurumların üzərinə düşən vəzifələri necə yerinə yetirdiyini təhlil etməyə, müvafiq nəticələr çıxarmağa imkan verir. Bu baxımdan daxil olan şikayətlərin ətraflı təhlili hər bir şəhər və rayon, hər bir sahə üzrə araşdırılır. Şikayətlərin təhlili göstərir ki, bunlar əsasən biganəliyin, süründürməçiliyin nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldıqda onlar yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməli olurlar”.