Fevralın 7-də Ukraynanın Mərkəzi Seçki Komissiyası dövlət başçısı Pyotr Poroşenkonun prezidentliyə namizədliyini qeydiyyata alıb. Novator.az-ın məlumatına görə, qurumun iclasında prezidentliyə daha üç iddiaçıya yaşıl işıq yandırılıb: Yuri Karmazin, Yuliya Litvinenko, Aleksandr Vaşşenko.
Prezident seçkisi martın 31-də keçiriləcək. Daha əvvəl 37 iddiaçı qeydə alınıb. Deputatlar Sergey Kaplin, Yevgeni Murayev, Vitali Kupriy, Olqa Boqomolets, Aleksandr Şevçenko, Yuri Boyko, Oleq Lyaşko, Arkadi Kornatski, Aleksandr Vilkul, Yuliya Timoşenko, Dmitri Dobrodomov, Sergey Taruta, Yuri Derevyanko, Viktor Bondar, Viktor Krivenko, Yuri Timoşenko seçki yarışına qatılıblar.
Digər namizədlər bu şəxslərdir: İqor Şevçenko, Valentin Nalivayçenko, Vitali Skotsik, Andrey Sadovıy, Anatoli Qritsenko, Gennadi Balaşov, Roman Nəsirov, Aleksandr Moroz, İlya Kiva, Ruslan Koşulinski, Aleksandr Danilyuk, Vladimir Zelenski, İnna Boqoslovskaya, İqor Smeşko, Nikolay Qaber, Roman Bessmertni, Sergey Nosenko, Sergey Krivonos, Ruslan Riqovanov, Andrey Novak, Vasili Juravlyov.
Pyotr Poroşenko 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iyunun 7-də səlahiyyətlərinin icrasına başlayıb.
1965-ci il sentyabrın 26-da Ukraynanın Odessa vilayətində doğulan Pyotr Poroşenko 1989-cu ildə Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, 1992-ci ildə həmin təhsil ocağının aspiranturasını bitirib. Hüquq elmləri namizədidir.
1993-cü ildən “Ukrprominvest” konserninin baş direktoru, 2002-ci ildən Ukrayna Milli Bankı Şurasının sədr müavini, 2007-ci ildən sədri olub.
2005-ci ildə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, 2009-2010-cu illərdə xarici işlər naziri, 2012-ci ildə iqtisadi inkişaf və ticarət nazir postlarını tutub.
1998, 2002, 2006 və 2012-ci illərin parlament seçkilərində deputat mandatı alıb.