Fevralın 6-sı Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqbəylinin mühakiməsi davam etdirilib.
Meydan.tv xəbər verir ki, hakim Fuad Hüseynovun sədrliyilə keçirilən prosesdə “Nikoyl” bankının Qaradağ filialının müdiri olmuş Emin Axundov şahid qismində dindirilib.
Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs edilib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək ittihamı verilib.
İttihama əsasən, Əbülfəz Sadıqbəyli yol polisinə “Nikoyl” bankının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə bankın Qaradağ filialından saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.
Ötən məhkəmə iclasında məlum olmuşdu ki, filialda Əbülfəz Sadıqbəyliyə kredit verilməsi barədə sənədlər yoxdur. Məhkəmənin 6 fevral iclasında dindirilərkən Emin Axundov sənədlərin itməsindən xəbərsiz olduğunu söyləyib.
İstintaq Əbülfəz Sadıqbəyli ilə yanaşı onun əmisi oğlu Asif Sadıqovu və “Nikoyl” bankının Qaradağ filialının hüquqşünası olmuş Kamran Abbasovu da təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edib. Əbülfəz Sadıqbəyli barəsində həbs qətimkan tədbiri seçilsə də, digər təqsirləndirilən şəxslər azadlıqdadırlar.
Ötən məhkəmə iclasında Əbülfəz Sadıqbəyli demişdi ki, Kamran Abbasov Asif Sadıqovun tanışıdır. O, Asifin məsələhəti ilə “Nikoyl” bankının Qaradağ filialına, orada hüquqşünas işləyən Kamran Abbasovun yanına gedib, avtomobilə görə borclu qaldığı 5 min 100 manatı ona verib. Kamran filialın ofisində dəhlizin sağ tərəfində yerləşən kabinetə daxil olub. Orada pulun ödənildiyi barədə arayışa möhür vurdurub, imza atdırıb, gətirib ona verib. Şahid Emin Axundovun bu haqda suallara verdiyi cavablardan məlum olub ki, bəhs edilən otaq elə filial müdirinin kabineti olub.
Lakin təqsirləndirilən Kamran Abbasov bildirir ki, Əbülfəz Sadıqbəyli yanlış xatırlayır, o, arayışı dəhlizin sağında yox, solundakı otaqda özü möhürləyib, özü imzalayıb, gətirib ona verib.
Əbülfəz Sadıqbəylinin vəkili Osman Kazımov deyib ki, müvəkkili pulu Kamran Abbasova ödədikdən sonra ona arayış verilib. Amma Əbülfəz Sadıqbəylinin həbsindən sonra ondan alınan pulun banka köçürülmədiyi üzə çıxanda dərhal Kamran Abbasov gətirib vəsaiti Əbülfəzin yaxınlarına qaytarıb. Vəkilin sözlərinə görə, Kamran Abbasovun pulu gətirib qaytarmasının şahidləri var. Osman Kazımov həmin şahidlərin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə prosesi fevralın 13-nə təxirə salınıb.
Müsavat Partiyası iddia edir ki, Əbülfəz Sadıqbəyli siyasi motivlərlə təqib olunur.