Prezident İlham Əliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılmasına fərman verib. Fevralın 6-da imzalanan sənədə görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyada və regionda baş verən prosesləri təhlil edən, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparan, ölkənin bu məsələlərə dair mövqeyini beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdıran, Azərbaycanın dövlət orqanlarını həyata keçirdiyi elmi-analitik təhlilin nəticələri ilə təmin edən publik hüquqi şəxsdir.
Prezident Administrasiyasına mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlamaq tapşırılıb.
Novator.az bildirir ki, qanuna əsasən, publik hüquqi şəxs ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxsin nizamnamə fondu təsisçinin verdiyi əmlak hesabına formalaşdırılır. Onun əmlakı təsisçilərin verdiyi digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər.